Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3259/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş X4 protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli X4 protokola görə Şəxs MMC 7839.12 funt sterlinqi vəsaiti 10 avqust 2023-cü il tarixdə xaricə köçürmüş və 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 7839.12 funt sterlinqi məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 11 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikaısının Mərkəzi Bankının protokolunda qeyd etmiş olduğu fakt həqiqəti əks etdirmir. Belə ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 1408 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Şəxs MMC 7839.12 İngilis funt sterlinqi dəyərində məhsulları sifariş vermiş və müqaviləyə uyğun olaraq həmin məhsulların avans ödənişi olaraq 7839.12 İngilis funt sterlinqi ödənilmişdir. Qeyd olunan məhsulların siyahısı və dəyəri 1408 nömrəli müqavilənin 1 saylı Əlavəsində əks olunmuşdur. Həmçinin Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 1409 nömrəli xx.xx.2023-cü il tarixli növbəti alqı-satqı müqaviləsinə əsasən həmin şirkətdən daha bir neçə məhsul sifariş verilmiş və müvafiq ödənişlər edilmişdir. Həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən həmin məbləğ 2970.95 İngilis funt sterlinqi təşkil edir. AR Mərkəzi Bankının iş üzrə sübut qismində əlavə etmiş olduğu gömrük bəyannaməsindən də göründüyü kimi, 1408 və 1409 nömrəli müqavilələrdə qeyd olunmuş məhsullar tam olaraq ölkəyə gətirilmiş və bu məhsulların dövlət ödənişləri edilərək bəyan edilmişdir. Belə ki, həmin gömrük bəyannaməsinə əsasən qeyd olunan məhsullar və onları dəyəri yalnız 1409 nömrəli müqavilədəki məhsullar deyil, həm də 1408 nömrəli müqavilədəki məhsulları özündə ehtiva edir. Həmin bəyannamədə 1409 nömrəli müqavilə qeyd olunmuşdur. Ancaq qeyd olunan müqavilədə məhsulların dəyəri 2970.95 İngilis funt sterlinqi təşkil edir. Bəyannamədə isə məhsulların dəyəri 21272.61 AZN (iyirmi bir iki yüz yetmiş iki manat 61 qəpik) olaraq göstərilmişdir. Qeyd olunan bu məbləğ həm 1408 nömrəli müqavilədə qeyd olunan məhsulların dəyəri olan 7839.12 İngilis funt sterlinqi və 1409 nömrəli müqavilədə qeyd olunan məhsulların dəyəri olan 2970.95 İngilis funt sterlinqinin cəmini təşkil edir. İş üzrə sübut qismində əlavə olunmuş gömrük bəyannaməsinə nəzər keçirdiyimiz zaman məhsulun ümumi gömrük dəyərinin məbləği 1409 nömrəli müqavilədə göstərilən məbləğdən 15122,75 AZN (on beş min yüz iyirmi iki manat yetmiş beş qəpik) artıq təşkil etdiyi müəyyən olunur. Qeyd olunan bu məbləğ də 1408 nömrəli müqavilədə qeyd olunan məhsulun dəyəri ilə eynilik təşkil edir. Ümumiləşdirərək bildirmək istəyirəm ki, iş üzrə əlavə olunmuş müqavilələr və gömrük bəyannaməsindən də göründüyü üzrə protokolda qeyd olunan fakt, yəni məhsulun ölkəyə idxal edilməməsi faktı həqiqəti əks etdirmir. Həmin məhsullar gömrük bəyannaməsindən də göründüyü kimi ölkəyə idxal edilmişdir. Qeyd olunan məhsulların ölkəyə idxal edilməsi faktı iş üzrə sənədlərdə əks olunduğu və həmin sənədlərin "xxxx" ASC-yə təqdim olunmuş, bank tərəfindən də müvafiq qaydada AR Mərkəzi Banka çatdırılmışdır. Buna baxmayaraq, Mərkəzi Bank həmin sənədləri nəzərə almadan EP ******* saylı X4 Protokolu tərtib etmişdir. Qeyd olunan bütün sənədlər və hüquqi əsaslardan göründüyü kimi, Şəxs MMC tərəfindən xarici tərəfdaşa köçürülən 7839,12 İngilis funt sterlinqi məbləğində vəsaitin müqabilində məhsullar, avansın ödənildiyi (xx.xx.2023) tarixdən iki ay sonra, yəni xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə olunan sənədlərə əsasən köçürülmüş məbləğin məqsədəuyğun şəkildə istifadə edildiyi və heç bir qanun pozuntusunun baş vermədiyi müəyyən olunur. Bundan əlavə, hər hansı texniki uyğunsuzluq idxal prosesinin baş vermədiyinə dəlalət edə bilməz. Həmçinin qedy etmək lazımdır ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.1.3. bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Qeyd etmək lazımdır ki, həmin qaydalara əsasən qalıq dəyər 10000 (on min) ABŞ dolları ekvivalentindən çox olması şərti mövcud olsa da, protokol üzrə qeyd olunan məbləğ (7839.12 İngilis fubt sterlinqi) 10000 ABŞ dollarından aşağı məbləğ təşkil edir. AR İXM 430.4-cü bəndinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması valyuta tənzimi qaydalarının pozulması hesab olunur. Qeyd olunan bənddən də göründüyü kimi, məhsulun idxal edilməməsi faktı öz əksini tapdığı təqdirdə inzibati məsuliyyət yarana bilər. Ancaq yuxarıda qeyd olunanlardan da aydın olduğu üzrə həmin məhsullar ödəniş edildiyindən iki ay sonra ölkəyə idxal edilmiş və bu faktlar da öz əksini gömrük bəyannaməsində tapmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq X4 iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X4 protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 7839.12 funt sterlinqi məbləğində pul vəsaiti ölkə xaricinə köçürülmüşdür; "xxxx" ASC-dən təqdim olunan çıxarışdan aydın olur ki, köçürülmüş 7839.12 funt sterlinqi məbləği üzrə gömrük bəyənnaməsi banka təqdim edilməmişdir və köçürülmüş məbləğ geri qaytarılmamışdır. Beləliklə, müəyyən edilir ki, Şəxs MMC 7839.12 funt sterlinqi məbləğində xarici valyutada olan vəsaiti 10 avqust 2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, təqdim edilmiş sənədlər isə protokolun tərtib olunduğu müqavilə ilə uyğunsuzluq təşkil etmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və sair nəzərə alaraq hesab edir ki, ona İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 7839.12 funt sterlinqi valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 1567,824 (bir min beş yüz altımış yeddi min səkkiz yüz iyirmi dörd) funt sterlinqi (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3259/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3259/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver