Məhkəmə qərarları › İş №3(005)-3262/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3262/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3262/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 13 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılmış və üzərində az miqdarda narkotik vasitə olan metamfetamin aşkar olunmuşdur. Ekspertiza tədqiqatının nəticəsinə əsasən aşkar olunan psixotrop maddə metamfetamin 0,067 qram çəkidədir. Nəticədə ŞəxsİXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X2 izahat verərək bildirmişdir ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur və haqqında inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, bir müddətdir ki, narkotik vasitəsindən istifadə edir. Hadisə günü polis əməkdaşlarının ondan aşkar edərək götürdükləri psixotrop maddə olan metamfetamini “Papanin” adlanan yerdən adını bilmədiyi şəxsdən 3 manat müqabilində almışdır. Yekun olaraq o, əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladları olduğunu bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 müdafiə etdiyi şəxsin əməlindən peşman olmasının nəzərə alınmasını barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 206-cı maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:30 radələrində tutulmuşdur. “Şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2022ci il tarixli protokoldan görünür ki, Şəxs üzərində 01 ədəd qəhvəyi rəngli çərçivəli, şəffaf şüşəli eynək içərində spesifik qoxuya malik şəffaf rəngli, kristal şəkilli madə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd büküm aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 6/5435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şəxs...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0,067 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin Ambulator X4 haqqında 28 sentyabr 2022-ci il tarixli, 5571 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; 13 oktyabr 2022-ci il tarixli “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X4 haqqında xx.xx.2022-ci il tarixli, 5571 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə təhvil verilmiş qalıq çəkisi 0,067 qram olan spesifik qoxuya malik şəffaf rəngli, kristal şəkilli madə olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs oğlu dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi saxlanılan çəkisi 0,067 qram olan spesifik qoxuya malik şəffaf rəngli, kristal şəkilli madə olan psixotrop maddə metamfetamin məhv edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar