Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3262/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 482.2-ci maddəsi ilə tərtib edilmiş 26 oktyabr 2023-cü il tarixli, 00100-02741/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 482.2-ci maddəsi üzrə tərtib olunmuş 26 oktyabr 2023-cü il tarixli, 00100-02741/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC tərəfindən bəyan edilmiş malların qiymətinə şübhə yaranması nəticəsində ekspert rəyinə əsasən ümumilikdə 3484,35 manat məbləğin düzgün göstərilməməsi faktına görə MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli, 00100-02741/23 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1- 026431/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, AZ 1007, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) ünvanına 73AA295/73AA296 nömrə nişanlı nəqliyyat vasitəsilə gətirilən, FSH201026 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə müşayiət edilən mallar **********7790 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 idarəsinə müraciət olunmuşdur. Həmin idarədən 3-33-5300/2-005281/2023 saylı xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, **********7790 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində göstərilən malların bir hissəsinin Xifmn kodunun düzgün göstərilmədiyi qeyd edilmişdir. Sözügedən raportların icrası ilə əlaqədar Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixində araşdırma başlanılmışdır. Bakı Baş Gömrük İdarəsinin ipək Yolu gömrük postunun inspektoru X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli yoxlama haqqında protokola əsasən, ********** XİFMN kodu altında sinifləşdirilən parçalar 20 yer 350 kq-dan ibarətdir. İnzibati xətanın bilavasitə obyekti olan 20 yer 350 kq “parça” yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3- 33-1100/2-009498/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük idarəsinə daxil olmuş 9/7637 nömrəli ekspert rəyinə əsasən 20 yer 350 kq parça yükünün xx.xx.2023-cü il tarixə olan orta bazar topdansatış qiymətinin təxminən 3484.35 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7637/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında təzə vəziyyətdə olan üz tərəfi qəhvəyi rəngli, arxa tərəfi qara rəngli 774,3 kvadrat.metr parçanın (divan üzlüyü və sair kimi istifadə edilir) xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3484,35 manat (774,3 kvadrat.metr x 4,50 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən gömrük orqanına XİFMN kodu düzgün bəyan olunmayan 20 yer 350 kq “parça” yükünün orta bazar qiyməti 3484.35 (beş min yüz iyirmi) manat təşkil edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (3484,35) 30 (otuz) faizi məbləğində, yəni 1045,30 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40-43, 48-51, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (3484,35 manat) 30 (otuz) faizi məbləğində, yəni 1045,30 manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50,0 manat "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3262/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3262/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver