Məhkəmə qərarları › İş №3(005)-3262/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3262/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3262/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi barədə qərardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi barədə qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin yük daşımaları şöbəsinin rəisi X2 01 oktyabr 2024-cü il tarixli MN №1803114 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 324.4 maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan qanunun 1.0.35-ci maddəsindən açıq şəkildə aydın olur ki, buraxılış vəsiqəsi hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazədir. İşçisi olduğu "xxxx" MMC isə yük daşımaları sahəsində fəaliyyət göstərmir. "xxxx" MMC (VÖEN:**********) “Kontakt Home” əmtəə nişanı altında və eyniadlı mağazalar şəbəkəsi vasitəsi ilə Azərbaycan Respublikasının əksər rayonlarında məişət və elektronika məhsullarının satışını həyata keçirir. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin yük daşımaları şöbəsinin inspektoru X6 tərtib etdiyi 20 sentyabr 2024-cü il tarixli MN №0402535 saylı protokolda qeyd edilən həmin tarixdə Z.Bünyadov prospektində idarə etdiyi, "xxxx" MMC-yə məxsus **-JH-*** dövlət qeydiyyat nişanlı “İSUZU” markalı nəqliyyat vasitəsi ilə cəmiyyətə məxsus məhsulların çatdırılmasını həyata keçirmişdir. Yəni yuxarıda istinad olunan qanunun 1.0.5ci maddəsinə uyğun olaraq işçisi olduğu şirkətin yüklərinin təsərrüfatdaxili daşınması icra edilmişdir. İşçisi olduğu şirkətin fəaliyyəti isə yük daşımaları sahəsində sahibkarlıq fəaliyyəti deyildir, daşımalar sifarişli, haqq müqabilində və müqavilə bağlanılaraq həyata keçirilmir, buna görə də, şirkətin fəaliyyəti icazəyə düşmədiyi üçün buraxılış vəsiqəsi alınmamışdır, odur ki, buraxılış vəsiqəsi olmayan şirkətin işçisi kimi mənə də buraxılış kartı verilə bilməz. Göründüyü kimi 01 oktyabr 2024-cü il tarixli MN №1803114 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi hazırki iş üzrə 01 oktyabr 2024-cü il tarixli MN №1803114 saylı inzibati tənbeh vermə haqqında qərar tam əsassızdır, İXM-in 324.4-cü maddəsində qeyd edildiyi buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, 01 oktyabr 2024-cü il tarixli MN №1803114 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və əməlində inzibati xəta tərkibi olmadığından, ümumiyyətlə inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, 3(005)-3262/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan barəsində icraat aparılan X9 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və həmin qərar qüvvədə saxlanmalıdır. Belə ki, X1 barəsində inzibati xəta törətmədiyini onunla əsaslandırmağa çalışmışdır ki, yük avtonəqliyyat vasitələri ilə işlədiyi şirkətin öz məhsullarını daşımışdır. Qeyd edirik ki, “Avtomobil nəqliyyatı haqqında” Qanununun 3.2.5-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərar ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 1.7.4-ci yarımbəndinə əsasən həmin Qanun hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına şamil edilmir. “Avtomobil nəqliyyat haqqında” Qanununun 13.1.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə yük daşımalar xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar həmin Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almalıdırlar. Həmin Qanunun 4.0.7-ci maddəsinə uyğun olaraq ölkədaxili sifarişli daşımalara taksi minik avtomobil ilə sərnişin daşımaları istisna olmaqla qeyrimüntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir. Sözügedən Qanunun 13.2-ci maddəsinə görə həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. “Avtomobil nəqliyyatı haqqında” Qanununun 15.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı verilir. Avtonəqliyyat vasitələrinin sayı artdıqda yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edir. Göründüyü kimi, sözügedən tələblər qanunvericiliyin qeyd olunan müddəalarında yalnız başqasının yükünü daşıyan daşıyıcılara deyil, yük daşımaları ilə məşğul olmaq istəyən bütün hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Məhkəməyə etirazını təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə - əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X9 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X3 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə buraxılış kartı olmadan yük daşınma qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi barədə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar