Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3269/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, xx.xx.1993-cü il tarixdə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı borclu «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 09 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da ünvan 2 ünvanında borclu «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməmiş və icra sənədi üzrə öhdəliyi təmin etməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs öhdəliklərini icra etmir. Bu səbəbdən barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx"MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “X1" MMC-dən cəmi 256108,80 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “X3” ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədləri üzrə borclu "xxxx" MMC tərəfindən “X3" ASC-yə 25613 ABŞ dolları ödənilmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1 -ci maddəsinə əsasən protokol tərtib olunaraq məhkəmə təqdim edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli qərarına əsasən 1200 manat inzibati cərimə olunmuşdur. Borclu "xxxx" MMC-nin əmlak vəziyyəti yoxlanılarkən onun adına bank hesabları aşkar olunmuş və müxtəlif tarixlərdə bank hesablarına inkasso sərəncamı tətbiq olunmuş, lakin bank hesablarında vəsait olmadığı üçün icra sənədlərinin icrası tam təmin edilməmişdir. Bununla da "Şelfqaztexnologiya ŞQ” MMC-nin rəhbəri Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 06 sentyabr 2010-cu il tarixli 29/56-10 nömrəli Təchizat müqaviləsinə əsasən 233.108,80 ABŞ dolları məbləğdə əsas borc və 23.000 ABŞ dolları məbləğdə dəbbl pulu olmaqla, cəmi 256.108,80 ABŞ dolları (iki yüz əlli altı min yüz səkkiz ABŞ dolları səksən sent) məğbləğdə pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə qiyməti üzrə manatla miqdarı cavabdeh "xxxx" MMC-dən tutularaq, ,iddiaçı «X3» ASC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 10 avqust 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2129/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3269/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3269/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver