Məhkəmə qərarları › İş №3(005)-3270/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3270/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3270/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Kazımov Duniamalının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri Talibovi Javadın nümayəndəsi və vəkili Bakı şəhəri “Mərkəz”Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri Talibovi Javad barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 borclu Şəxs MMC-nin rəhbəri Talibovi Javad barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 26 noyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1935/20 saylı, 04.11.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəxs MMC-nin direktoru Talibovi Javada edilmiş xəbərdarlığa baxmayaraq icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi Kazımov Duniamalı izahat verərək göstərmişdir ki, Şəxs MMC barışıq sazişi üzrə borcun hissəhissə ödənilməsini öz üzərinə götürmüş, lakin barışıq sazişinin şərtlərini icra etmədiyi üçün saziş 22.12.2020-ci il tarixdə məcburi icraya yönəldilmişdir. Artıq xeyli müddət keçsə də icra sənədi borclu tərəfindən icra edilməmiş və hər-hansı vəsait ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri Talibovi Javadın nümayəndəsi və vəkili X7 izahat verərək göstərmişdir ki, icra məmuru Ramiz Quliyev inzibati xəta haqqında protokol tərtib olunacağı ilə bağlı məlumat vermiş və icra vərəqəsinin icrasını tələb etmişdir. Ona hazırda maddi vəziyyətin yaxşı olmadığını və məbləğin ödənilməsi üçün vaxt verilməsi bildirilmişdir. Lakin, buna baxmayaraq MMC-nin rəhbəri barədə protokol tərtib edilmişdir. İcra vərəqəsinin icrasından qərəzli yayınmadıqlarını, sadəcə öhdəliklərin icrası üçün vaxt lazım olduğunu bildirərək protokolun təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMCnin rəhbəri Talibovi Javadın yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Talibovi Javad Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1935/2020 saylı, 04.11.2020-ci il tarixli icra sənədindən görünür ki, bir tərəfdən "xxxx" MMC, digər tərəfdən cavabdeh – Şəxs aşağıdakı şərtlərlə barışıq sazişi imzalayırlar: borclu Şəxs MMC-nin "xxxx" MMC-yə əmi ƏDV-siz borcu 54,157.28 (əlli dörd min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik), ƏDV borcu isə 9,748.3 (doqquz min yeddi yüz qırx səkkiz manat, iyirmi səkkiz qəpik) manat cəmi ƏDV borcunun2,008.30 (iki min səkkiz manat, otuz qəpik) manat təşkil edir. Şəxs MMC 54,157.28 (əlli dörd min yüz əlli yeddi manat, iyirmi səkkiz qəpik) manatını, 9,748.30 (doqquz min yeddi yüz qırx səkkiz manat, otuz qəpik) manat cəmi ƏDV borcunun 2,008.30 (iki min səkkiz manat, otz qəpik) manatını bu saziş imzalandıqdan sonra 5 (beş) iş günü ərzində, yerdə qalan borcunu isə 30.01.2021-ci il tarixədək göstərilən qaydada "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 23.12.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs MMC-nin rəhbəri Talibovi Javad icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1935/2020-034 nömrəli, 04.11.2020-ci il icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materialında olan Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 10.11.2021-ci il tarixli xəbərdarlığından görünür ki, Şəxs MMC-nin direktoru Talıbovi Javad icra sənədi üzrə icra məmurunun qanuni tələbinin icra edilməməsinin hüquqi nəticələri barədə qabaqcadan xəbərdar edilmişdir. "xxxx" ASC-nin Nərimanov rayon icra şöbəsinə ünvanlandığı 15.11.2021-ci il tarixli, 312 nömrəli məktubun surətindən görünür ki, Şəxs MMC-nin 227490/26-1 nömrəli 05.11.2021-ci il tarixli 63925.58 (altmış üç min doqquz yüz beş manat 58 qəpik) məbləğli və 227490/26-2 nömrəli 05.11.2021-ci il tarixli 4473.39 (dörd min dörd yüz yetmiş üç manat 39 qəpik) məbləğli inkasso sərəncamlarına əsasən müştərinin hesabında pul olmadığı üçün hesabdan pul tutulması mümkün olmamış, inkasso sərəncamı icraata götürülmüş və hesabı blok edilmişdir. "xxxx" ASC-nin Nərimanov Rayon İcra Şöbəsinə ünvanladığı 17.11.2021-ci il tarixli, 31- 14453/2021 nömrəli məktubun surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 04.11.2020-ci il tarixli 2-2(113)-1935/2020 saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu "xxxx" MMC-nin (VÖEN:**********) adına tərtib edilmiş 05.11.2021-ci il tarixli 227490/26-1 saylı inkasso sərəncamları ABB “Qaradağ” filialı tərəfindən icraya qəbul olundu. "xxxx" ASC-nin Nərimanov Rayon İcra Şöbəsinə ünvanladığı 19.11.2021-ci il tarixli, 06504-2021 nömrəli məktubun surətindən görünür ki, 05.11.2021-ci il tarixli 227490/26-1, 227490/26-2 saylı inkasso sərəncamlarına və müvafiq Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1935/2020 saylı 04.11.2020-ci il tarixli icra vərəqəsinə qanuna müvafiq qaydadabaxılmışdır. Müvafiq sərəncam 2 ay müddətində bankda saxlanacaq və müştərinin hesabına vəsait daxil olduğu təqdirdə ödəniş növbəliyi şərtlərinə riayət ediləməklə icra ediləcəkdir. "xxxx" ASC-nin Nərimanov Rayon İcra Şöbəsinə ünvanladığı 17.11.2021-ci il tarixli, 4904 nömrəli məktubun surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 04.11.2020-ci il tarixli, e-2-2(113)-1935/2020 nömrəli icra vərəqəsinə əsaən müştəri (Körpü Tunel Tikinti” MMC-nin müəyyən edilmiş hesablaşma hesablarına qoyulan inkasso sərəncamları icraya qəbul olunmuşdur. "xxxx" ASC-nin Nərimanov Rayon İcra Şöbəsinə ünvanladığı 16.11.2021-ci il tarixli, M/25-8775 nömrəli məktubun surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 04.11.2020-ci il tarixli, e-2-2(113)-1935/2020 nömrəli icra sənədi əsasənda tərtib edilmiş inkasso sərəncamı icraya qəbul edilib və Şəxs MMC-nin hesablarına blok qoyulmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru X1 qəbul etdiyi 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, X5 Şəxs direktoru vəzifəsindən azad edilmiş, Talıbovi Javad Şəxs direktoru vəzifəsinə təyin edilmişdir. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri Talibovi Javad icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs MMC-nin rəhbəri Talibovi Javadın hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri Talibovi Javad Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri Talibovi Javad Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar