Məhkəmə qərarları › İş №3(005)-3275/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3275/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3275/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nin polis sahə inspektoru X1, Müdafiəçi – Bakı Şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 11 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs 11 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Polis Şöbəsinin rəisinin otağına daxil olaraq polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb, təhqir edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır və Polis Şöbəsinin iş rejimin pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Nazirliyin qəbul şöbəsinə yaxınlaşaraq qəbulun nə zaman olması barədə maraqlansa da, orada ona bildirilmişlər ki, qəbula düşmək üçün yenidən ərizə ilə müraciət etməlidir. O, bu fikirlə razılaşmadığı üçün Post Patrul Xidmətinin əməkdaşları dəvət olunaraq onu Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə aparmışlar. Daha sonra o, Mehman Əhmədovun nömrəsini “Google” informasiya platformasında taparaq, sonuncuya zəng vurmuş və daha sonra Polis Şöbəsinə yaxınlaşmışdır. O, Nazirlikdə və Polis Şöbəsində olan zaman səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili X5 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təqribən saat 17:00 radələrində Şəxs PŞ-nə gəlmiş və vətəndaş PŞ-nin rəisinin qəbuluna girməsi üçün xahiş etmişdir. Vətəndaş PŞ-nin sahə inspektoru polis kapitanı Mehman Əhmədovla birlikdə Şöbə rəhbərliyinin qəbuluna girmiş və otağda olan zaman vətəndaş Şəxs Şöbə rəhbərliyi ilə yüksək tonla və əl-qol hərəkətləri ilə danışaraq Azərbaycan polisində şərəfsiz polis əməkdaşları olduğunu deyərək, 6-cı PŞ-də onun barəsində nəyə görə protokol yazıldığını bildirib Şöbə rəisinin üzərinə cumaraq əl-qol atıb polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Şöbənin iş rejimini pozmuş və polis əməkdaşlarının ünvanaına nəlayiq ifadələr işlətmişdir. Dəfələrlə həmin vətəndaşa xəbərdarlıq edilməsinə baxmayaraq nəlayiq ifadələr işlətməyə davam etmiş və Azərbaycan polisini təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili X6 digər şahid X2 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsinin rəisi Anar Rüstəmova ünvanlanmış 11 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:40 radələrində Şəxs PŞ-nə gəlmiş və vətəndaş PŞ-nin rəisinin qəbuluna girməsi üçün xahiş etmişdir. Vətəndaş PŞ-nin sahə inspektoru polis kapitanı Mehman Əhmədovla birlikdə Şöbə rəhbərliyinin qəbuluna girmiş və otağda olan zaman vətəndaş Şəxs Şöbə rəhbərliyi ilə yüksək tonla və əl-qol hərəkətləri ilə danışaraq Azərbaycan polisində şərəfsiz polis əməkdaşları olduğunu deyərək, 6-cı PŞ-də onun barəsində nəyə görə protokol yazıldığını bildirib Şöbə rəisinin üzərinə cumaraq əl-qol atıb polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Şöbənin iş rejimini pozmuş və polis əməkdaşlarının ünvanaına nəlayiq ifadələr işlətmişdir. Dəfələrlə həmin vətəndaşa xəbərdarlıq edilməsinə baxmayaraq nəlayiq ifadələr işlətməyə davam etmiş və Azərbaycan polisini təhqir etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsinin rəisi Anar Rüstəmova ünvanlanmış 11 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:40 radələrində Şəxs PŞ-nə gəlmiş və vətəndaş PŞ-nin rəisinin qəbuluna girmsəni xahiş etmişdir. Vətəndaşı Şöbə rəhbərliyinin qəbuluna girmiş və otağda olan zaman Şöbə rəhbərliyinin üzərinə cumaraq əl-qol atıb polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Şöbənin iş rejimini pozmuş və polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Dəfələrlə həmin vətəndaşa iş rejimini pozmamağı, nəlayiq ifadələr işlətməməyi xahiş edilsə də öz əməlindən əl çəkməyərək PŞ-nin iş rejimini pozmağa davam etmiş və şöbənin əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. 11 oktyabr 2024-cü il tarixli AKT-dan görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin məsul növbətçi polis kapitanı Rinat İbrahimov həmin aktı tərtib etmişdir ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə, saat 16:40 radələrində vət. Şəxs 6-cı PŞ-si tərəfindən barəsində tərtib olunmuş protokol ilə bağlı PŞ-nə gəlmişdir. Vətəndaş PŞ-nin rəisinin qəbuluna girmiş və Şöbə rəhbərliyinin otağında olan zaman Şöbə rəhbərliyinin üzərinə cumaraq əl-qol atıb polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Şöbənin iş rejimini pozmuş və polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Vət. Şəxs barəsində PŞ-nin sahə inspektoru polis kapitanı X4 tərəfindən İXM-nin 535.1 və 510-cu maddəsi ilə protokol tərtib olunaraq onun barəsində İnzibati material toplanmış lakin həmin şəxs özünü haqlı çıxardaraq barəsində tərtib edilmiş protokola qol çəkməkdən imtina edərək narazı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 11 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol, proses iştirakçılarının və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı Şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar