Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3282/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:33 radələrində idarə etdiyi «TOYOTA PRADO» minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının görünüşünü çətinləşdirən örtükdən istifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən gün o da öz idarə etdiyi avtomobili ilə toy karvanına qoşularaq Sumqayıt şəhərindən Binəqədi rayonu istiqamətində hərəkətdə olmuşdur. Milli-adət ənənələrə uyğun olaraq maşınını az da olsa tül ilə bəzəmişdir. Lakin xüsusilə vurğulayır ki, avtomobilini bəzəyərkən tülü nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsinin görünüşünə mane olmaycaq şəkildə avtomobilin arxa şüşəsinə bağlamışdır, tül avtomobilin nömrəsinin görünüşünə qətiyyən maneə yaratmamışdır. Yolda polis əməkdaşı onu saxlamış və barəsində protokol tərtib etmişdir. Polis əməkdaşı onu saxlayan və barəsində inzibati xəta haqqında protokol tərtib edən zaman da həmin tül avtomobilin üzərində olmuşdur. Tül ola bilər ki, küləyin təsirindən açılmışdır. Tül sürət həddini aşağı salan an avtomobilin nömrəsinin üzərində dayana bilərdi. Bu halın isə bir neçə saniyəlik baş vermə ehtimalından söhbət gedə bilər. Əks halda o qədər yolu həmin vəziyyətdə avtomobil idarə etməzdi. Həmçinin qeyd etmişdir ki, polis əməkdaşı tərəfindən problemin aradan qaldırılması ona bildirilməmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşaqları və səhhətində problemləri olan anasının olduğunu bildirərək barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmır. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin Yol patrul xidməti inspektoru X1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:33 radələrində idarə etdiyi «TOYOTA PRADO» minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının görünüşünü çətinləşdirən örtükdən istifadə edilmişdir. İş materiallarında olan 01 ədəd DVD-R formatlı video diskdə olan 03 saniyə davam edən video diskə baxış keçirilən zaman avtomobilin arxa şüşə hissəsindən ağ rəngli tülün bağlanıldığı və həmin tülün uc hissələrinin «TOYOTA PRADO» minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nömrəsi üzərində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən qanunvericiliyin tələblərinin pozulması mötəbər sübutlar ilə öz təstiqini tapmamışdır. İş materiallarında olan videogörüntüyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, videogörüntü də tülün nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərində olması müşahidə edilsə belə, görüntü cox qısa müddətlidir, yəni hər hansısa “an” kəsiyini əhatə edir. Həmçinin iş materiallarında olan iki ədəd fotoşəkildən birində **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa pəncərəsində tülün çarpaz formada, yəni nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırmayacaq bir şəkildə bağlandığı, digər fotoşəkildə isə tülün uc hissələrinin açılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üstündə olması müşahidə edilir, lakin görünüşü tam olaraq çətinləşdirmir. Fotoşəkillərin müqayisəli tədqiqatından görünür ki, tülün ilkin vəziyyəti ilə sonrakı vəziyyəti eyni olmamış, yəni avtomobilin arxa şüşəsinə bağlanmış tül həmin avtomobilin hərəkətdə olduğu zaman küləyin təsiri nəticəsində açılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərinə düşmüşdür. Buradan da belə nəticəyə gəlmək olur ki, tülün hərəkətli vəziyyətdə olması dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirməmişdir. Beləliklə, Şəxs tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 342.9-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3282/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3282/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver