Məhkəmə qərarları › İş №3(005)-33/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-33/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-33/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X2 iştirakları ilə, Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 6785460.00 AVRO məbləğində vəsaiti 21 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 6785460.00 AVRO məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 məhkəməyə vəsatət təqdim etməklə izahatında göstərdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, EP № ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və inzibati xəta haqqında 3(005)-3626/2021 nömrəli işə Sizin icraatınızda baxılır. xx.xx.2021-ci il tarixdə Mərkəzi Banka Azərbaycan Respublikasının Baş Nazirinin dərkənarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müraciətləri ilə bağlı zəruri tədbirlərin görülməsinə dair xüsusi tapşırıq daxil olmuşdur. Tapşırıqda ölkənin təbii qazla təminatında Ümid yatağının işlənməsi layihəsinin vacib əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müraciətində qaldırılan məsələnin həlli üçün müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Müraciətdə avans ödənişi müqabilində podratçı şirkət tərəfindən avadanlıqların təchizatında baş verən gecikmələrin ölkənin qazla daxili tələbatının ödənilməsi ilə bağlı əsas işlərin Ümid-Babək Layihəsi üzrə digər yataqda həyata keçirildiyini, istehsal olunan avadanlıqların mürəkkəbliyini və həcmini, eləcə də, tərəflər arasında bağlanmış müqavilənin 8.6-cı maddəsinə əsasən podratçı şirkət üçün imtiyazların, güzəştlərin, azad olmalardan istifadə etmək hüququnun müəyyən edilməsini və həm də hazırda və gələcəkdə də ölkəyə gətirilməsi planlaşdırılan avadanlıqların çatdırılma müddətində gecikmələrin ehtimalını nəzərə alaraq valyuta rejimi Qaydaları ilə müvafiq hallar üzrə müəyyən edilmiş 2 illik müddətin Layihə üzrə tərəflərə şamil olunmaması xahiş edilmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin millivə xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə görə Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin (avans ödənişləri daxil olmaqla) icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı işdə inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərin nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili X4 inzibati xəta haqqında protokol tərtib etmiş orqanın mövqeyi nəzərə alınmaqla qeyd edilən əsaslar üzrə barələrində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 25 noyabr 2021-ci il tarixli, 2072 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı göstərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 6785460.00 AVRO məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSC-yə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə görə Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin (avans ödənişləri daxil olmaqla) icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Məhkəmə, Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ölkənin təbii qazla təminatında Ümid yatağının işlənməsi layihəsinin vacib əhəmiyyətinin nəzərə alınmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının Baş Direktoru Rəşad Orucov tərəfindən məhkəməyə ünvanlanmış iş üzrə icraata xitam verilməsinə dair vəsatəti, həmin vəsatətdə göstərilən xüsusatları (ölkənin təbii qazla təminatında Ümid yatağının işlənməsi layihəsinin vacib əhəmiyyətini və s.) nəzərə alaraq hesab edir ki, hazırki halda Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində inzibati xəta tərkibi mövcud deyil və inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar