Məhkəmə qərarları › İş №3(005)-3303/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3303/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3303/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xocavənd rayonunda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-dən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, 08.11.2021-ci il tarixdə, saat 01:00 radələrində ünvan 1 ünvanında Şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, ƏÇPA-nın 1-ci PB-nin polis nəfərləri 08.11.2021-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman S.Vurğun prospekti ilə Ak.H.Əliyev küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin özünü qeyri-adekvat apardığını aşkar etmişlər. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Vətəndaş suallara cavab verməyərək özünü qeyri-səmimi apardığından polis əməkdaşları vətəndaşın narkotik vasitənin təsiri altında olmasından şübhələnərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şəxsiyyəti müəyyənləşdikdən sonra ona üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Şəxs əynindəki göy rəngli şalvarının sol yan cibindən içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə psixotrop maddə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 08.11.2021-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşmış və onu polis idarəsinə dəvət etmişlər. Polis bölməsində olan zaman ona üzərində olan qanunsuz əşya və ya maddə varsa təqdim etməsi bildirilmişdir. O, üzərində olan siqaret kağızına bükülmüş maddəni, yəni metamfetamini könüllü olaraq təqdim etmişdir. Etdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, inzibati qaydada tutulmamışdır. Bugün, yəni 29 noyabr 2021-ci il tarixdə polis əməkdaşlarının çağırışına əsasən 16-cı PB-yə gəlmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 1-ci PB-nin polis nəfərləri Toğrul İbrahimov və Elnur Ələkbərov tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış 08 noyabr 2021-ci il tarixli raportdan görünür ki, 08.11.2021-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman S.Vurğun prospekti ilə Ak.H.Əliyev küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin özünü qeyri-adekvat apardığını aşkar etmişlər. Bu zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən hər hansı sənədi istəmişlər. Vətəndaş suallara cavab verməyərək özünü qeyri-səmimi apardığından polis əməkdaşları vətəndaşın narkotik vasitənin təsiri altında olmasından şübhələnərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şəxsiyyəti müəyyənləşdirilən Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2021-ci il tarixli, 6/4948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218” dairəvi möhür əksi “Şübhəli şəxs imza Şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,01 qr ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 16 noyabr 2021-ci il tarixli, 4506 nömrəli rəyindən görünür ki, Şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və maddi sübut kimi götürülmüş 0,01 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanması üçün Nərimanov RPİ-yə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Nərimanov RPİ-yə təhvil verilmiş, qalıq çəkisi 0,01 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 16 noyabr 2021-ci il tarixli, 4506 nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Qeyd olunanlara əsasən və İXM-in 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablansın. Nərimanov RPİ-də saxlanılan 0,01 qram psixotrop maddə metamfetamin məhv edilsin. İnzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydə alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar