Məhkəmə qərarları › İş №3(005)-3304/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3304/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3304/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16/1-127937 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16/1-127937 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, E-Polis portalına daxil olduqda Nərimanov rayonu, Atatürk prospektində quraşdırılmış DİN-nin TŞ6-102 nömrəli kamerasının vasitəsi ilə barəsində inzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli (saat 13:10) EQ20364550 nömrəli elektron inzibati protokol tərtib olunduğunu təsadüf nəticəsində aşkar etmişdir. Həmin portal üzərindən qeyd olunan protokoldan şikayət etsə də, bir aydan artıq müddət ötməsinə baxmayaraq bu günə kimi heç bir münasibət yoxdur. Barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul olunmuş qərar ona göndərilməmişdir. Elə ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müraciətinə Nərimanov Rayon Məhkəməsində baxılaraq DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 20364550 nömrəli xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılması barədə 3(005)-2123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2123/2024 saylı qərarı ilə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul olunmuş qərarın onun iştirakı olmadan qəbul olunması səbəbini nöqsan kimi göstərərək qəbul olunmuş qərarı ləğv etmişdir. Lakin buna baxmayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati işə yenidən baxıldığı zaman yenə onun iştirakı təmin olunmayaraq xx.xx.2024-cü il tarixli, 16/1-127937 saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərar ona xx.xx.2024-cü il tarixində çatmışdır. Hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 20364550 nömrəli elektron inzibati protokol və həmin protokol əsassında qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 16/1-127937 saylı qərar onun iştirakı olmadan əsassız qəbul olunduğu üçün ləğv edilməli və inzibati işə mahiyyəti üzrə baxılaraq xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində etibarnamə ilə idarə etdiyi **-BK-*** dövlət nömrə nişanlı avtomaşınla Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edərək Atatürk prospektinə daxil olmuşdur. Əlövsət Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerə çəkilmiş düz xəttin tələbinə əsasən Atatürk prospektinə daxil olan avtomaşınlar birbaşa Atatürk prospektində sağdan 2-ci zolağa keçə bilməz. Belə ki, Əlövsət Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerə çəkilmiş düz xəttin tələbi və eləcə də Atatürk prospektində “Gənclik” metrostansiyası tərəfdən gələn avtomaşınlar həmin prospektdə sağdan 2-ci zolaqda sıx, intensiv şəkildə hərəkətdə olduqları üçün Əlövsət Əbdülrəhimov küçəsindən gələn avtomaşınlar Atatürk prospektinə daxil olduqda birbaşa sağdan 2-ci zolağa keçməyi qanun pozuntusu olmaqla yanaşı bu praktik olaraq mümkün də deyil. Ona görə Əlövsət Əbdülrəhimov küçəsindən gələn avtomaşınlar Atatürk prospektinə daxil olduğu zaman kəsişmədə yerdə çəkilmiş xəttin tələbinə əsasən Atatürk prospektində ilk olaraq sağdan 1-ci zolağa daxil olur və daha sonra isə həmin prospektdə sağdan 2-ci zolağa keçərək avtobus zolağını boşaldır. O, da xx.xx.2024-cü il tarixində idarə etdiyi avtomaşınla Əlövsət Əbdülrəhimov küçəsi ilə gələrək Atatürk prospektinə daxil olduqda kəsişmədə yerə çəkilmiş xətlərin tələbinə əsasən istəristəməz ilk olaraq sağdan 1-ci zolaqla hərəkət etmiş, lakin dərhal dönmə işığını sol tərəfə yandıraraq, sağdan 2-ci zolağa keçmək üçün imkan yaranan kimi dərhal sağdan 2-ci zolağa keçərək avtobus zolağından çıxmışdır. Qeyd etdiyi analoji vəziyyət saniyələr içərisində ondan aslı olmayan yuxarıda qeyd etdiyi səbəb üzündən baş vermişdir. Prospekti axıra kimi avtobus zolağında hərəkət etməmişdir. Amma buna baxmayaraq Atatürk prospektində quraşdırılmış DİN-nin TŞ6-102 nömrəli kameranın vasitəsi ilə barəsində əsassız olaraq elektron inzibati protokol tərtib olunmuşdur. Qeyd olunan kameranın video görüntülərinə baxılsa şikayətinin əsaslı olması və ərizəsində yazdıqlarının həqiqət olması sübuta yetirilə bilər. Qeyd etdiklərini nəzərə alaraq DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16/1-127937 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 2123/2024 nömrəli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmasıa dair Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 20364550 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə tapşırılması qərara alınmışdır. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16/1-127937 saylı, xx.xx.2024cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə “Mercedes Benz” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2123/2024 nömrəli qərarı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 20364550 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işə yenidən baxılması Baş Dövlət Yol Polis İdarəsinə tapşırıldığı halda, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Belə ki, ilk öncə törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağın yolun necənci kilometrliyindən başlanması, yolda hərəkətdə olan digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olmasının yolun hansı hissəsindən başlayaraq qadağan olunması, hərəkətdə olan digər nəqliyyat vasitələrinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağın başladığı hissədə zolağı dəyişmək üçün yol nişanının olub-olmaması, olduğu təqdirdə zolağı dəyişmək üçün yerdə qırıq-qırıq nişanlanma xəttinin olubolmaması, X1 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olduğu yerdən zolaqdan çıxdığı yerə qədər zolağı dəyişmək üçün əlverişli şəraitin (zolağı dəyişmək üçün yerdə qırıq-qırıq nişanlanma xəttinin olması, paralelində hərəkətdə olan nəqliyyat vasitələri üçün qəza şəraitinin yaradılmaması) olubolmaması, ərazidə fors-major vəziyyətin yaranıb-yaranmaması müəyyən edilməli olduğu halda, bütün bu göstərilən xüsusatlar araşdırılmamışdır. Habelə, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas X2 göstərilmədən sonuncu barəsində onun iştirakı olmadan natamam araşdırma aparmaqla yenidən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bu məqamda məhkəmə qeyd edir ki, işin bütün halları nəzərə alınmaqla barəsində qərar qəbul edilmiş şəxsin iradəsindən asılı olmayan səbəblərdən, yəni fors-major vəziyyətə görə idarə etdiyi avtomobil ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olması onun təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən (hazırki məhkəmə qərarının təsviri - əsaslandırıcı hissəsində göstərilən hallar) araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində 16/1- 127937 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16/1-127937 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16/1-127937 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar