Məhkəmə qərarları › İş №3(005)-3305/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3305/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3305/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PB-nin polis sahə inspektoru X2, Müdafiəçi-Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində 29 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 29 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs sidiyindən THC qrupuna aid narkotik vasitə aşkar edildiyinə görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin polis sahə inspektoru X4 izahatında göstərdi ki, Şəxs 28.11.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutulmuş, sonradan müvafiq qərarla barəsində tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Qeyd edilənlərə əsaslanıb şəxsin barəsində Azərbaycan Respublikası İXM 206-cı maddəsi ilə tərəfindən protokol tərtib olunmuş və müvafiq tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 27 noyabr 2021-ci il tarixdə saat 18:05 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin üzərində gəzdirməyində şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, gödəkçənin sol yan cibindən 5 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı hardasa narkotik vasitə saxlamadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitə olan marixuanadan sonuncu dəfə təxminən 2 ay əvvəl cəmi 1 dəfə Türkiyə Respublikasında dostunun doğum günündə içkili olduğundan istifadə etmişdir, Azərbaycan Respublikasında isə narkotik vasitə istifadə etməmişdir. Himayəsində 1 azyaşlı övladının olduğunu, həmçinin 70 yaşlı atasının olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq əməlind inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 28 noyabr 2021-ci il tarixli AZA 001944 nömrəli protokoldan görünür ki, Şəxs 28.11.2021-ci il tarixdə saat 01:00 radələrində inzibati qaydada tutulmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 27 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 27 noyabr 2021-ci il tarixdə saat 18:45-dən hesablanmışdır. “Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında” 28.11.2021-ci il tarixli Qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şəxs dərhal azad edilməsi və şübhəli şəxs qismində statusuna xitam verilməsi qərara alınmışdır. ”Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 1/2290 nömrəli, 28.11.2021-ci il tarixli protokolundan görünür ki, Şəxs sidiyindən THC qrupuna aid narkotik vasitə aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 haqqında 29.11.2021-ci il tarixli, 4766 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığından ünvan 2anında yaşayan Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün müvafiq tədbir görülməsi üçün Nərimanov RPİ-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və gənc olmasını inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar