Məhkəmə qərarları › İş №3(005)-3305/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3305/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3305/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn oğlunun katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında № 16/1- 128097 saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X4 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında № 16/1-128097 saylı qərarından şikayət verərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsi, inzibati xəta halı olmadığı üçün şikayətinin tam təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, e-Polis portalına daxil olduqda Nərimanov rayonu Atatürk prospektində quraşdırılmış DİN-nin TŞ6-102 nömrəli kamerasının vasitəsi ilə barəmdə inzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli (saat 13:10) EQ20320731 nömrəli elektron inzibati protokol tərtib olunduğunu təsadüf nəticəsində aşkar etmişdir. Həmin portal üzərindən qeyd olunan protokoldan şikayət etsədə, bir aydan artıq müddət ötməsinə baxmayaraq bu günə kimi heç bir münasibət yoxdur. Eyni zamanda, barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul olunmuş qərar ona göndərilməmişdir. Elə ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müraciətinə Nərimanov Rayon Məhkəməsində baxılaraq DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 20320731 nömrəli xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və işə yenidən baxılması AR DİN Baş X7 İdarəsinə tapşırılması barədə 24.07,2024-cü il tarixli İş № 3(005)-2124/2024 saylı qərar qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli İş № 3(005)-2124/2024 saylı qərarında AR DİN Baş X7 İdarəsi tərəfindən barəsində qəbul olunmuş qərar onun iştirakı olmadan qəbul olunması səbəbini nöqsan kimi göstərərək qəbul olunmuş qərarı ləgv etmişdir. Lakin buna baxmayaraq AR DİN Baş X7 İdarəsi tərəfindən inzibati işə yenidən baxıldığı zaman yenə onun İştirakı təmin olunmayaraq xx.xx.2024-cü il tarixli İş № 16/1-128097 saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərar ona xx.xx.2024-cü İl tarixində çatmışdır. Barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ20320731 nömrəli elektron inzibati protokol və həmin protokol əsassmda qəbul olunmuş xx.xx.2024-cü il tarixli İş № 16/1-128097 saylı qərar onun iştirakı olmadan əsassız qəbul olunduğu üçün ləğv edilməli və inzibati işə mahiyyəti üzrə baxılaraq xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində etibarnamə ilə idarə etdiyim **-BK-*** Dövlət nömrə nişanlı avtomaşınla Nərimanov rayonu Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edərək Atatürk prospektinə daxil olmuşam. Bildirirəm ki, Əlövsət Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerə çəkilmiş düz xəttin tələbinə əsasən Atatürk prospektinə daxil olan avtomaşınlar birbaşa Atatürk prospektində sağdan 2-ci zolağa keçe bilməz. Belə ki, Əlövsət Əbdülrəhimov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerə çəkilmiş düz xəttin tələbi və eləcə də Atatürk prospektində Gənglik metro stansiyası tərəfdən gələn avtomaşınlar həmin prospektdə sağdan 2-ci zolaqda sıx, intensiv şəkildə hərəkətdə olduqları üçün Əlövsət Əbdülrəhimov küçəsindən gələn avtomaşınlar Atatürk prospektinə daxil olduqda birbaşa sağdan 2-ci zolağa keçməyi qanun pozuntusu olmaqla yanaşı bu proktik olaraq mümkün də deyil. Ona görə Əlövsət Əbdülrəhimov küçəsindən gələn avtomaşınlar Atatürk prospektinə daxil olduğu zaman kəsişmədə yerdə çəkilmiş xəttin tələbinə əsasən Atatürk prospektində ilk olaraq sağdan 1-ci zolağa daxil olur və daha sonra isə həmin prospektdə sağdan 2-ci zolağa keçərək avtobus zolağını boşaldır. xx.xx.2024-cü il tarixində idarə etdiyi avtomaşınla Əlövsət Əbdülrəhimov küçəsi ilə gələrək Atatürk prospektinə daxil olduqda kəsişmədə yerə çəkilmiş xətlərin tələbinə əsasən istər-istəməz ilk olaraq sağdan 1-ci zolaqla hərəkət edərək, lakin dərhal dönmə işığını sol tərəfə yandıraraq, sağdan 2-ci zolağa keçmək üçün imkan yaranan kimi dərhal sağdan 2-ci zolağa keçərək avtobus zolağından çıxmışam. Qeyd etdiyim analoji vəziyyət saniyələr içərisində məndən aslı olmayan yuxarıda qeyd etdiyim səbəb üzündən baş vermişdir. Nəzərinizə çatdırıram ki, prospekti axıra kimi avtobus zolağında hərəkət etməmişəm, Amma buna baxmayaraq Atatürk prospektində quraşdırılmış DİN-nin Tş6-102 nömrəli kameranın vasitəsi ilə barəmdə əsassız olaraq elektron inzibati protokol tərtib olunmuşdur. Qeyd olunan kameranın video görüntülərinə baxılsa şikayətimin əsaslı olması və ərizəmdə yazdıqlarımın həqiqət olması sübuta yetirilə bilər.Ərizəsini araşdıraraq inzibati iş üzrə sübutlara nəzər yetirərək inzibati işə mahiyyəti üzrə baxıb barəmdə tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ20320731 nömrəli inzibati elektron protokolu və həmin protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli İş № 16/1-128097 saylı qərarı ləğv edərək inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilən şəxs X4 inzibati qərarın qanunsuz olduğunu, əvvəl bir dəfə məhkəmə tərəfindən qərar ləğv edilərək araşdırma üçün X8 İdarəsinə göndərilsə də yenidən onu dəvət etmədən eyni məzmunlu qərar qəbul edildiyini bildirmişdir. Barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nın Yol Patrul Xidməti xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında № 16/1-128097 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 2124/2024 saylı qərarından aydın olur ki, X3 tərtib edilmiş EQ20320731 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün X8 İdarəsinə göndərilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polis əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X2 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2124/2024 saylı qərarı ilə X3 tərtib edilmiş EQ20320731 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün X8 İdarəsinə göndərilsə də yenidən heç bir araşdırma aparılmadan, şəxs dəvət edilmədən, video görüntü təqdim olunmadan eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2124/2024 saylı qərarı ilə X3 tərtib edilmiş EQ20320731 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi qeyd olunmamış, sübutlar şəxsə təqdim olunmamış və konkret məlumat verilməmişdir. Nəticədə yenidən xx.xx.2024-cü il tarixli, № 16/1- 128097 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, № 16/1-128097 saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında № 16/1-128097 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar