Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3306/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə Şikayətçi -X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan verilmiş şikayət barədə X1 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayətçi X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Honda Accord” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərar yazmışlar. Həmin avtomobil dostu X2 mülkiyyətində olmaqla ona da idarə edilməsinə etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixdə avtomobili mülkiyyətçisi X4 idarə etmişdir. Ona görə də AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, X3 etibarnamə əsasında ona məxsus “Honda Accord” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar X3 barəsində qəbul edilmiş, lakin həmin günü avtomobili özü idarə etmişdir. Avtomobili saxladığı ərazi parklanma üçün nəzərdə tutulub, yoldan oraya giriş üçün xüsusi yer ayrılıb, yolkənarı bordurlar götürülüb və marketin qarşısında olan boş sahə avtomobillərin saxlanılması üçün xüsusi boya ilə xətlənmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə vətəndaş X3 barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə saat 18:18-də Bakı, Ceyhun Hacıbəyli, 102 ünvanında “Honda Accord” minik markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, X1 xx.xx.2024-cü il tarixdə “Honda Accord” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı yer avtomobillər üçün nəzərdə tutulmuş müəyyən parklanma yeridir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin məcəllənin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-in 346.9-cu maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22940027 nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3306/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3306/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver