Məhkəmə qərarları › İş №3(005)-3307/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3307/2020

08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3307/2020 08.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:20də stasionar posta hərbi vəziyyətlə əlaqədar xidmət aparılarkən Şəxs idarə etdiyi avtomaşın polis əməkdaşı tərəfindən yoxlama məqsədi ilə saxlanılmış və sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bununla da, Şəxs barəsində İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:20 radələrində işlədiyi ofisin qarşısında avtomobilinin qabaq hissəsində sərnişin üçün nəzərdə tutulmuş sağ oturacaqda oturaraq “189” taksi xidmətindən sifariş verdiyi ayıq sürücünü gözləmişdir. Belə ki, içkili olduğu üçün avtomobilini idarə etməmiş və ayıq sürücü çağırmışdır. Bu vaxt ona ayıq sürücü ilə birlikdə YPX əməkdaşı yaxınlaşmış və avtomobili içkili vəziyyətdə idarə etdiyi üçün iradını bildirərək həkim müayinəsinə getməyi təklif etmişdir. O, polis əməkdaşına içkili olduğunu inkar etmədiyini, lakin avtomobili idarə etmədiyini bildirsə də, onun sözlərinə əhəmiyyət verilməmişdir. Avtomobilin sərnişin üçün nəzərdə tutulmuş oturacağında oturub ayıq sürücü gözləməsinə baxmayaraq onu həkim müayinəsinə, avtomobilini isə cərimə meydançasına aparmışlar. O, həkim müayinəsindən sonra taksi sifariş verərək evinə getmişdir. Sərxoş olsa da, o, avtomobili idarə etməmişdir. Həmin tarixə aid “189” xidmətindən ayıq sürücü sifariş verməsinə dair müvafiq çıxarışları, həmçinin hadisə yerinin videogörüntüsünü təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, “189” taksi xidmətində sürücü işləyir. Sifariş olduğu təqdirdə “ayıq sürücü” kimi də xidmət göstərir. xx xxxxxx 2020-ci il tarixdə işlədiyi “189” xidmətindən “ayıq sürücü” kimi sifariş almış və həmin ünvana getmişdir. Sonradan ona məlum olmuşdur ki, “ayıq sürücü” kimi sifariş verən şəxs Şəxsdur. Sifarişi icra etmək üçün tələb olunan ünvana yollanmış, sifariş olunan ünvana çatmağa az qalmış stasionar postda onu yol polis əməkdaşı saxlamış və komendant saatı ilə əlaqədar icazəsinin olub-omamasını aydınlaşdırmışdır. O, polis əməkdaşına icazəsi olduğunu, yolun digər tərəfində olan sürücünün onu gözlədiyini bildirmişdir. Yol polis əməkdaşı onunla birlikdə yolun digər tərəfinə keçmiş və sifariş verən avtomobilə yaxınlaşmışdır. Onlar **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman 1 nəfər şəxs avtomobilin sərnişin üçün nəzərdə tutulmuş ön oturacağında əyləşmişdir. Polis əməkdaşı həmin şəxsə yaxınlaşmış və onlar arasında dialoq olmuşdur. Daha sonra polis əməkdaşı Şəxs həkim müayinəsinə apardığından o, həmin yerdən uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:20-də stasionar posta hərbi vəziyyətlə əlaqədar xidmət aparılarkən Şəxs idarə etdiyi avtomaşın polis əməkdaşı tərəfindən yoxlama məqsədi ilə saxlanılmış və sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur; xx.xx.2020-ci il tarixli, 2/19371 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs həmin tarixdə sərxoş olmuşdur; Məhkəməyə təqdim edilmiş videogörüntüdən aydın olur ki, ayıq sürücü bir nəfər polis əməkdaşı ilə dayanmış vəziyyətdə olan avtomobilə yaxınlaşır. Polis əməkdaşı avtomobilin sərnişin üçün nəzərdə tutulmuş ön oturacağı tərəfinin, yəni qabaq sağ tərəfinin qapısını açaraq orada oturan şəxslə danışır və sonra həmin şəxs avtomobildən düşür; Məhkəməyə təqdim edilmiş “189” taksi xidməti ilə mobil telefon vasitəsilə aparılan sms yazışmalarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:52-də ayıq sürücü sifariş edilmiş və ona ayıq sürücü təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 01:15də taksi sifarişi verilmiş, saat 01:21-də taksi təyin edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 333.1-ci maddəsində nəzərdə inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunverciliyin məzmunundan göründüyü kimi, şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi halda İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur. Hazırki halda Şəxs tərəfindən sərxoş halda avtomobilin idarə edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Əldə olunan sübutlar isə Şəxs sərxoş vəziyyətində olsa da, avtomobili idarə etmədiyini və ayıq sürücünü gözlədiyini, ümumiyyətlə, sükan arxasında oturmadığını təsdiq etməklə onun hərəkətlərində İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olmasını istisna edir. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunan gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 00:20 radələrində sərxoş vəziyyətdə olsa da, avtomobili idarə etmək üçün ayıq sürücü çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən ayıq sürücünün izahatı, həmçinin hadisə yerinin videogörüntüləri ilə müəyyən edilir ki, Şəxs dayanmış vəziyyətdə olan avtomobilin sərnişin üçün nəzərdə tutulan ön oturacağında oturmuş və sifariş verdiyi ayıq sürücünü gözləmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti də düzgün göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs idarə etdiyi avtomaşının polis əməkdaşı tərəfindən yoxlama məqsədi ilə stasionar postda saxlanılması qeyd edilsə də, məhkəmə iclasında hadisə yerinin görüntüləri tədqiq olunan zaman bu faktın öz təsdiqini tapmaması aydın olur. İXM-in 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Təqsirsizlik prezumpsiyası). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs hərəkətlərində İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən, məhkəmə şəxsin təqsirsiz olması qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar