Məhkəmə qərarları › İş №3(005)-3307/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3307/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3307/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X2, Şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2024-cü il tarixdə A. Salamzadə küçəsinin kənarında, dayanma və durmanın qadağan olunmayan yerdə maşınını saxlayıb, telefonla danışmışdır. Danışığını bitirdikdən sonra həmin ərazidə bir neçə yol birləşdiyinə və nəqliyyatın hərəkəti intensiv olduğuna görə diqqətini yola verərək, hərəkət iştirakçılarına mane olmadan hərəkətə başlamışdır. Bu an diqqəti yolda olduğu üçün telefonu əlindən kənara qoymağı unutmuşdur. Qanunun tələbini pozaraq, xidmət apararkən hər hansı sayrışan işıq və səs siqnalından, təhlükəsizlik kəmərindən istifadə etmədən, qəflətən yanına yaxınlaşan **-YP-*** nömrəli patrul maşınındakı DYP əməkdaşı elə maşının içində olarkən X3 maşınını kənarda saxlamağını tələb etdi. Maşınını kənarda saxladıqdan sonra X7 özünü təqdim etdiyini eşitmədiyi DYP əməkdaşı ona yaxınlaşdı. Sükan arxasında olarkən telefondan istifadə etdiyini iddia edərək barəmdə protokol tərtib olunacağını bildirdi. X7 isə telefondan istifadə etmədiyini, fikrini yola yönəltdiyi üçün telefonu kənara qoymağı unutduğunu, istifadə etmədiyi halda əldə saxlamağın qanun pozuntusu olmadığını və telefonundan həmin zaman sonuncu edilmiş zəngi və yazılmış mesajı YPX əməkdaşına göstərərək iddiasının əsassız olduğunu bildirmişdir. Buna məhəl qoymayan DYP inspektoru öz nəqliyyat vasitəsinə yaxınlaşaraq təxminən 10-12 dəqiqə orada dayandı. Bir neçə dəfə getməli olduğunu bildirsə də, buna diqqət etmədi. Nəhayət, X5 yaxınlaşan inspektor onun İXM-nin 342.6-cı maddəsi ilə (Maddə 312.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə) cərimə olunduğunu bildirdi. Eyni zamanda əlavə etdi ki, X5 İXM-nin 342.1.4-cü maddəsi ilə də (Maddə 342.1.4. hərəkət zamanı sükanı əlindən buraxmaya, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə) cərimə tərtib etmişdir. Həmin maddənin nə olduğunu və niyə protokola əlavə olunduğunu soruşduqda sükandan əllərini buraxdığı üçün olduğunu bildirdi. X7 bunun hansı əsasla və sübutla olduğunu soruşduqda guya danışığı zamanı sükandan əlini buraxmağını deməyini əsas gəlirərək tərtib olunduğunu qeyd etdi. Onun nəqliyyat vasitəsi idarə edərkən telefondan istifadə etmədiyini, sükandan əlini buraxmadığını və buna görə də elə bir söz istifadə edə bilməyəcəyini deməyinə baxmayaraq hər hansı bir dəyişiklik aparmadan İXP ******* saylı inzibati tənbehvermə haqqında protokolu olduğu kimi saxladı və X1 daşıyıcıda hər hansı sənəd təqdim etmədən getdi. Şikayət üçün o, elektron sistemə daxil olsa da, şikayət etməyin mümkünsüz olduğunu görmüşdür. Daha sonra isə xx.xx.2024-cü tarixdə, Bakı şəhər BPİ-nin DYPİ-nə şəxsən müraciət edərək İXP ******* saylı inzibati tənbehvermə haqqında protokol əsasında tərtib olunmuş TP 68000489 saylı qərarın verilməsinə nail ola bilmişdir. Qərar əsassızdır və inzibati xəla hadisəsi olmamışdır. Onun barəsində tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X6 məhkəmə iclasında çıxış edərək, X7 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6 və 342.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü X7 xx.xx.2024-cü il tarixdə saat 16:14-də Bakı, Alı Mustafayev, 20 ünvanında “TOYOTA CAMRY” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi və nəqliyyat vasitələrinin sürücüləri tərəfindən hərəkət zamanı sükanı əlindən buraxması nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.6 və 342.1.4-cü maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni: hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 342.6 və 342.1.4-cü maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X10 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar