Məhkəmə qərarları › İş №3(005)-3309/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3309/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3309/2020 09.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi qaydada sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Rəşad Həsənovun xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı Azər Zeynalov tərəfindən xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 06:45 radələrində NEOPLAN markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə düzgün ara-məsafəsi seçməyib qarşısında dayanmış vəziyyətdə olan “Mercedes Benz 0303” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymişdir. Həmçinin hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli (dərəcəsi təyin edilməyən; az ağır və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid) bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs zərərçəkmiş şəxs Bayramov Rövşən Məsi oğlu ilə barışdığından və Şəxs tərəfindən ona dəymiş maddi ziyanı tam şəkildə ödənildiyindən Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə müvafiq olaraq material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisə nəticəsində X3, X1, X2 və Orucov Söyün Vəli oğlu YÜNGÜL dərəcəli bədən xəsarəti aldığına görə Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Nərimanov RPİ- nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2020-ci il tarixli, 2/8647 nömrəli aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 150-M nömrəli ekspert rəyindən görünür ki, Vət. Bayramov Rövşən Məsi oğlunun almış olduğu xəsarətlər - burun sümüklərinin, ön burun tininin yerdəyişən sınığı, septal nazinin sola kəskin deviasiyası və sınığı, burunun ön hissəsinin posttravmatik kobud deformasiyası və defekti, burnun açıq yarası - küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Tibbi sənədlərdə qeyd olunan sağ alın-gicgah nahiyəsinin kiçik ölçülü sınığının dəqiqləşdirilməsindən ötrü JR.M.Bayramovun adma tərtib edilmiş KT rentgen şəkilləri, eləcədə özü ekspertizaya təqdim edilmədiyindən onda sağ alın-gicgah sərhəddində sınığın olub-olmaması barədə fikri söyləmək mümkün olmamışdır. Bayramov Rövşən Məsi oğlu ərizə ilə Nərimanov RPİ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. O, hazırda hadisəni törədən sürücü Şəxsov Nurəddin oğlu ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir. Onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Xahiş edirəm ərizəsi nəzərə alınaraq Şəxsov Nurəddin oğlunu cinayət məsuliyyətindən azad edilsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında tam sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs zərərçəkmiş şəxs Bayramov Rövşən Məsi oğluna yardım göstərməsini, onunla barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar