Məhkəmə qərarları › İş №3(005)-3313/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3313/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3313/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş 12 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaşlar X4 və X7 xx.xx.2024-cü il tarixdən Şəxs QSC tərəfindən bu günədək əmək müqavilələri AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, X4 və X7 ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti arasında əmək münasibətlərinin mövcud olması, həmin şəxsin QSC tərəfindən işə cəlb edilməsi və bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlarla protokolda adları qeyd edilən şəxslərlə QSC-nin arasında əmək münasibətlərinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin üzərinə düşür. Qeyd edilən orqan məhkəmə iclasında iştirak etməmiş və Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında qərar qəbul edərkən yalnız AR DİN tərəfindən daxil olmuş məlumatlarına istinad etmişdir ki, həmin izahatda göstərilən hallar məhkəmə iclasında araşdırılan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 13 avqust 2024-cü il tarixli, 8431/2024 nömrəli qərarı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin direktoru X1 barəsində 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 ilə vətəndaşlar X4 və X7 arasında olan münasibətlər mülki hüquqi münasibətlər olmuşdur və bu münasibətlərin mülki hüquqi əqdlərlə rəsmiləşdirilməsində əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Bununla da məhkəmədə hazırda baxılan inzibati xəta haqqında protokolda adları qeyd edilən vətəndaşlar X4 və X3 münasibətdə hər hansı əmək qanunvericliyinin pozulmaması faktı artıq 13 avqust 2024-cü il tarixli, 8431/2024 nömrəli qərarla sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X4 və X9 ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti arasında əmək münasibətlərinin mövcud olmaması sübuta yetirildiyindən QSC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, inzibati xəta haqqında protokol əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in : 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Odur ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar