Məhkəmə qərarları › İş №3(005)-3322/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3322/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3322/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 28 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X13, X4, X10 adlarına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvəyə minmədən müəyyən edilmiş işlərin yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X14 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 izahatında göstərdi ki, müəssisə olaraq icazələrin alınması, uzadılması və ləğv edilməsi prosesində yalnız siyahıları təqdim edirlər. İcazələrin alınması, uzadılması və ləğv edilməsi aidiyyəti orqanlar tərəfindən icra edilir və orada olan hər hansı uyğunsuzluğa görə şirkət məsuliyyət daşımır. İnzibati xəta haqqında protokol tərtib edilən zaman X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış, təqdim edilmiş məlumat tam, obyektiv, hərtərəfli araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda adları qeyd edilmiş şəxslərin adları ehtiyat işçi kimi icazə siyahısına salınmış və icazə verilmiş müddət ərzində işğaldan azad edilmiş zonalara daxil olmamışlar. Hazırki, iş üzrə Şəxs MMC-nin təqsiri yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iş üzrə izahat vermələri üçün protokolda adları qeyd olunmuş şəxslər X8, X1 və X5 məhkəmə iclasında iştiraklarını təmin etmək məqsədi ilə həmin şəxslərlə dəfələrlə əlaqə yaratmağa cəhd göstərilsə də, X8, X1 və X5 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Portaldan çıxarışdan görünür ki, X8, X1, X5 adına 16 avqust 2024-cü il tarixdən 16 oktyabr 2024-cü il tarixədək icazə alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməsi, "xxxx" MMC-nin direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş, eyni zamanda müəyyən edilmişdir ki, həmin əməlin Şəxs Firmasının direktoru X9 tərəfindən törədilməsinə görə X9 inzibati məsuliyyətə cəlb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru X3 barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə aydın olur ki, TVH NET Rabitə Təmir Tikinti» MMC-nin direktoru X9 işçilərin əmək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 3005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru X3 əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qanuni qüvvəsini almasını və həmin qərarın hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, X8, X1 və X5 Şəxs MMC tərəfindən hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 28 avqust 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 28 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar