Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3324/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 333.1, 333.3 və 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 noyabr 2021-ci il tarixdə Bakı şəhər BPİ-nin X16 İdarəsinin inspektoru X7 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 333.1 və 333.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. İXP seriyalı ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.3 – müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, 333.1 – nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, 327.2 – svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 333.3 – məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması, 327.1 - əks istiqaməti hərəkət zolağına çıxmadan manevr etmə halına (hallarına) yol verilmişdir. Eyni zamanda X2 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru X12 tərəfindən tərtib olunmuş 30 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 30 noyabr 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 30 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vət. X5 30.11.2021-ci il tarixdə etibarnamə olmadan dostuna məxsus **-PF-*** dövlət nömrə nişanlı avtomobil ilə H.Əliyev, F.Xoyski küçələrində yol hərəkət qaydalarını pozaraq polisin qanuni tələblərinə tabe olmamış, eyni zamanda narkotik tərkibli maddələr qəbul etmişdir. Barəsində inzibati icraat aparılan X2 eyni tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 30 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhər BPİ-nin X16 İdarəsindən və Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-dən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin X16 İdarəsinin inspektoru X7 protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə inspektoru X12 protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, etibarnamə olmadan idarə etdiyi “Xəzər” minik markalı avtomaşınla Ziya Bünyadov prospektindən X17 küçəsinə dönərkən yol hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları ona saxla əmri vermişdir. O da etibarnamə olmadan idarə etdiyi üçün nəqliyyat vasitəsini saxlamayaraq F.Xoyski küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Daha sonra, 2 dəfə svetoforun qırmızı işığında hərəkətini davam etdirmişdir. Həmçinin, lazımi surət həddini aşmışdır ki, buna görə də avtomaşın divara çırpılaraq dayanmışdır. Maşın dayandıqdan sonra düşüb qaçmağa cəhd etsə də, polis əməkdaşları buna imkan verməmişdir. Eyni zamanda bildirmişdir ki, hadisədən bir müddət öncə “şüşə”dən istifadə etmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X16i İdarəsinə bilavasitə tabe olan Yol patrul Xidməti Alayının inspektoru X8 izahatında göstərmişdir ki, 30.11.2021-ci il tarixdə X17 küçəsində xidmət aparan zaman “Xəzər markalı” ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi vuruq olduğu üçün tərəfindən saxla işarəsi olundu, lakin sürücü qanuni saxla işarəsinə məhəl qoymayaraq hərəkətinə davam etdi. Arxasınca hərəkət edərək bir daha saxla işarəsi vermişlər, lakin yenə də tabe olmayaraq 2 dəfə qırmızı işıqda keçmişdir. Həmçinin, həmin vaxt yolu keçən piyadalara təhlükə yaradaraq, avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Həmin şəxs tuneldə olarkən sürəti çox olduğundan manevr edə bilməyib sağda maneəyə dəyərək dayanmışdır. Sürücü avtomaşından düşüb qaçmaq istəsə də, buna imkan verməyib onu 16-cı Polis Bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Məlum olmuşdur ki, sürücü nəqliyyat vasitəsini etibarnamə olmadan və psixotrop maddələrin təsiri altında idarə edir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhər BPİ-nin X16i İdarəsinə bilavasitə tabe olan Yol patrul Xidməti Alayının inspektoru X7 tərəfindən Bakı Şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi Xəyal Şükürova ünvanlanmış 30.11.2021-ci il tarixli raportdan görünür ki, 30.11.2021-ci il tarixdə Molla Cümə küçəsində xidmət aparan zaman “Xəzər” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi vuruq olduğu üçün tərəfindən işarə olundu, lakin qanuni saxla işarəsinə məhəl qoymayaraq hərəkətinə davam etdi. Onlar da arxasınca hərəkət edərək bir daha saxla işarəsi vermişlər, lakin sürücü məhəl qoymayaraq 2 dəfə svetoforun qadağanedici siqnalından keçərək həmin vaxtda yolu keçməkdə olan piyadalara təhlükə yaradaraq, avtoxuliqanlıq hərəkətlərə yol verərək tabe olmamışdır. Sürücü, F.X.Xoyski küçəsində tunelə daxil olarkən surəti çox olduğundan sağa maneəyə dəyərək saxlanıldı. Həmin sürücü avtomaşından düşüb hadisə yerindən qaçmaq istəyəndə məcbur saxlayıb növbətçi hissəyə məlumat vermişlər. Bort kompüter vasitəsilə sənədləri yoxlayan zaman məlum oldu ki, sürücü nəqliyyat vasitəsini etibarnaməsiz idarə edir. X5 özünü şübhəli apardığı üçün həkim müayinəsindən keçirilmiş, məlum olmuşdur ki, sürücü narkotik vasitələrdən istifadə edib nəqliyyat vasitəsini idarə edirdi. 30.11.2021-ci il tarixli, 1/4329 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X3 30.11.2021-ci il tarixdə metamfetamin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarında olan 30.11.2021-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Khazar” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi əzilmişdir. İlk növbədə qeyd edilməlidir ki, İXM-in 327.1, 327.2, 327.3-cü maddələri həmin Məcəllənin 43.1-ci maddəsinin tətbiq dairəsinə düşmür. Yəni, İXM-in 327.1, 327.2, 327.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq rayon (şəhər) məhkəmələrinə aid deyildir. İXM-in 34-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 30 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1, 333.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 333.1, 333.3 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 30.11.2021-ci il tarixli, 1/4329 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından da göründüyü kimi X9 30.11.2021-ci il tarixdə psixatrop maddə metamfetamindən istifadə nəticəsində sərxoşluq vəziyyətində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. 333.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması İXMin 333.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X2 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X1 Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X2 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 333.1, 333.3 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin isə inzibati qaydada tutulduğu vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən saat 18:05-dan hesablanması məqsədəmüvafiqdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Baş X16 İdarəsi DYPİ-nə göndərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.3-cü və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırlmaqla 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 noyabr 2021-ci il tarixdən saat 18:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Baş X16 İdarəsi DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3324/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3324/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver