Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-333/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 534-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində hərbi və xüsusi geyim formalarını daşımaq qaydalarını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2 protokola uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə xidmətdə olarkən saat 13:30 radələrində Nərimanov rayonunda yerləşən metrostansiyanın yaxınlığında olan zaman bir nəfər vətəndaşın hərbi geyimdə, yəni hərbi şalvarda olduğunu və onun hərbçi olub-olmadığını araşdırmaq üçün vətəndaşdan müvafiq sənədlər təqdim etməsini xahiş etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz olaraq üzərində daşımışdır. Bu səbəblə də həmin vətəndaş daha sonra şöbəyə dəvət olunmuş və barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Belə ki, Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının ərazisində döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Nərimanov rayonu, Təbriz küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb hərbi geyimdə, lakin yalnız hərbi şalvarda olduğunu görüb ondan hərbçi olub-olmamasını müəyyən etmək üçün sənədlər təqdim etməsini xahiş etdilər. O da Müdafiə Nazirliyinə aid olan təyinat vərəqəsinin şəklini təqdim etdi. Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etdilər. Bildirmək istəyir ki, onun qulluqçuların hərbi geyim formasını qanunsuz olaraq üzərində daşımaq kimi niyyəti olmamışdır. Son olaraq məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin dispozisiyasına görə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin 1-ci maddəsinə əsasən hərbi geyim forması – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (bundan sonra Silahlı Qüvvələr) şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir. Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. Həmin Əsasnamənin 4-cü maddəsinə əsasən Fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. Həmin Əsasnamənin 21-ci maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır. Məhkəməyə təqdim edilən iş materiallarından, habelə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatından da görünür ki, Şəxs hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz şəkildə daşımamış, sadəcə hərbi şalvar geyinmişdir. Qanunvericiliyin mənasından isə görünür ki, şəxsin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıması AR İXM-nin 534-cü maddəsi ilə məsuliyyətə cəlb olunması üçün əsasdır. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində hərbi və xüsusi geyim formalarını daşımaq qaydalarının pozulması, bir sözlə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-333/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-333/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver