Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3344/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5, şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətini Bakı Ərazi Şöbəsinin 04.06.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsi (bundan sonra Bakı ərazi şöbəsi) heç bir araşdırma aparmadan, qanunvericiliyin tələblərinə zidd inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Bildirir ki, 21.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol onun xəbəri, iştirakı olmadan tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş, tərəfindən imzalanmamış, protokolun bir nüsxəsi ona təqdim edilməmişdir. Bakı ərazi şöbəsinin barəsində olan inzibati işə qeyri-ciddi yanaşmaları inzibati tənbeh vermə haqqında qərarın harada tərtib edilməsi qrafasından açıq - aşkar görünür. Belə ki, 04.06.2021-ci il tarixli. MN ******* nömrəli qərarın tərtib edilmə yeri Abşeron rayonu, Maştağa yazılsa da, həmin yazının altından Sabunçu rayon inzibati ərazisi yazılmışdır. Buradan da hazırkı qərarın Abşeron rayonu yoxsa Bakı şəhəri Sabunçu rayonunda tərtib edildiyini müəyyən etmək olmur. Bakı ərazi şöbəsinin inzibati xəta haqqında protokolun ona təqdim edilməməsindən, onun iştirakı olmadan inzibati xəta haqqında protokolun tərtib edilməsindən, hüquq və vəzifələrinin ona izah edilməməsindən, heç bir araşdırma aparmamalarından ona qarşı qərəzli olduqlarını sübut edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X4 tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Abşeron rayonunun Maştağa qəsəbəsi Maştağa subtropik sovxozunun ərazisinin icarəsində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararaq torpaq sahəsindən təyinatından kənar başqa məqsəd üçün istifadə etmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli, 291 nömrəli arayışdan görünür ki, X5 həqiqətən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ veteranıdır. İş materiallarından müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən baş vermiş inzibati xəta üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X2 müraciətində və izahatında heç bir inzibati xəta törətmədiyini göstərmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X5 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X3 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Məhkəmə, qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın diqqətini Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə cəlb edərək bildirir ki, İnzibati xəta haqqında iş üzrə qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar və inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsinə əsas olan hallar qeyd edilməlidir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarda, qərarın qəbul edildiyi yer kimi “Abşeron rayonu, Maştağa subtropik sovxozu, Sabunçu rayonu, inzibati ərazisi” göstərilmişdir. Buradan aydın olmur ki, inzibati xəta Bakı şəhərinin ərazisində, yoxsa Abşeron rayonunun ərazisində törədilmişdir. Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir Hazırki halda, inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli orqan, şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xətanın məhz həmin şəxs tərəfindən və harada törədilməsi və iş üzrə əhəmiyyət kəsb edən digər halları tam, hərtərəfli araşdırmadan X5 barəsində Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X5 barəsində 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X5 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 04 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3344/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3344/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver