Məhkəmə qərarları › İş №3(005)-3346/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3346/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3346/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, barəsində hər hansı bir cərimənin olubolmamasını müəyyən etmək məqsədi ilə “Asanpay” ödəniş portalında şəxsi kabinetinə daxil olan zaman barəsində EXP ******* saylı, 12 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolun mövcud olmasını müəyyən etmişdir. Dəfələrlə inzibati tənbeh vermə haqqında qərarı əldə etmək məqsədilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət etsə də, nəhayət 26 noyabr 2021-ci il tarixdə qeyd olunan inzibati xəta haqqında protokolu və həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əldə etmişdir. Orada ona bildirmişlər ki, Azəbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 (yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu ərasizində yerləşən “Gənclik Mall” ticarət mərkəzindən çıxıb kənarda çirklənmiş fərdi qoruyucu vasitəni (maska) yeniləyərkən polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmədən hansı səbəbə az öncə ticarət mərkəzində olarkən maskadan istifadə etmədiyini soruşduğu zaman o, polis əməkdaşına bildirmişdir ki, qapalı məkanlarda həmişə maskadan istifadə etmişdir və az öncə “Gənclik Mall” ticarət mərkəzində olan zaman da maskadan istifadə edirdi. Polis əməkdaşı ona heç bir şey demədən onunla razılaşmış və o, həmin yerdən uzaqlaşmışdır. Lakin, indi müəyyən olunur ki, polis əməkdaşı barəsində EXP ******* saylı, 12 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir və qeyd olunan protokol əsasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi X3 tərəfindən EPQ ******* saylı, 13 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Nərimanov Rayon Polis idarəsinin 18-ci Polis Bölməsi əməkdaşının barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən EPQ ******* saylı, 13 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan həmin qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, dünyada yayılaraq Azərbaycana da gəlib çatmış "Covid-19" infeksiyasının ölkə ərazisində yayılmasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar, tələb və tövsiyyələrə həmişə əməl etmişdir. Qeyd olunan əsaslara barəsində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş EPQ ******* saylı, 13 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİnin 18-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 12.11.2021-ci il tarixli, EXP seriyalı ******* nömrəli protokoldan görünür ki, 12.11.2021-ci il tarixdə, səhər saatlarında Nərimanov rayonu, F.X.Xoyski küçəsində X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, 12.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində 13.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar