Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3346/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (vəkili) Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-53147/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə tam, düzgün və vaxtında təqdim olnması tələb olunmuş, lakin MMC tərəfindən sənədlər tam və düzgün formada təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkili) Vəkil çıxış edərək bildirmişdir ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 53147/2025 nömrəli məktubu hüquqi şəxsin ünvanına xx.xx.2025-ci il tarixdə daxil olduqdan sonra müvafiq sənədlər hazırlanaraq xx.xx.2025-ci il tarixdə müfəttişliyin ünvanına göndərilmişdir. Lakin müfəttişlik tərəfindən sənədlərin natamam olması müəyyən edilərək hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmədə baxıldığı müddətdə müfəttişliklə əməkdaşlıq edilməklə istənilən bütün sənədlərin sənədlərin göndərilməsi də təmin edilmişdir. Müfəttişliyə sənədlərin göndərilməməsi kimi hal olmamış, məktub daxil olduqdan dərhal sonra reaksiya verilməklə cavab hazırlanmış, müvafiq sənədlər qoşma edilərək göndərilmişdir. Müfəttişlik hətta onları “Zoom” proqramı vasitəsilə protokolun tərtib edilməsinə dəvət etdikdə belə verilmiş linkə daxil olub saatlarla gözləsələr də qoşulan olmamışdır. Müfəttişliyin “142” Qaynar Xətti ilə əlaqə saxlamaq da mümkün deyildir. Məhkəmədən xahiş edir ki, onların müfəttişliyə sənəd verməmək və ya sənədləri natamam vermək kimi cəmiyyətin niyyəti və heç bir qəsdi olmamışdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2- 53147/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİnə tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq MMC-dən tələb olunan sənədlər tam və düzgün formada təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 3-17-5/2- 53147/2025 nömrəli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin (əmək müqaviləsinin surəti, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin surəti, iş vaxtının uçot cədvəlləri (son 5 ay), əmək haqqının hesablanması və ödənilməsi cədvəllərinin surəti (son 5 ay), əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsinə dair sənədlərin surəti, son haqq-hesab hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlərin surəti, əmək məzuniyyətindən istifadə edilməsi ilə bağlı sənədin surəti, vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi) 7 iş günü ərzində X5 Xidməti Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuşdur. (qeyd olunan məktub Şəxs MMC-nin ünvanına xx.xx.2025-ci il daxil olmuşdur.) Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 114 nömrəli məktubunun məzmunundan görünür ki, X2 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xəbərdarlıq edilməklə, müqavilə müddətinin bitdiyi xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İstifadə etmədiyi məzuniyyətlərinə görə 10,5 günün kompensasiyası ödənilmişdir. İşçinin müxtəlif tarixlərdə üzrsüz səbəbdən iş davamiyyəti olmamışdır. Əmək müqaviləsi (elektron müqavilə), əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin surətləri, əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı bildirişin surəti, əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəlləri, son haqq hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər məktuba qoşma edilmişdir. (Məktub və ona əlavə olunan sənədlər xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinə göndərilmişdir). 462066 №-li qaimənin surətindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidmətinə ünvanlanan məktub xx.xx.2025-ci il tarixdə saat 14:56-da Xidmətin əməkdaşı “Tağızadə” adlı şəxs tərəfindən qəbul edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, inzibati xəta haqqında protokola əsasən X1 şikayəti əsasında Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-53147/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində tam, düzgün və vaxtında təqdim olunması tələb olunmuş, lakin məktubun çatdırılmasına baxmayaraq MMC-dən tələb olunan sənədlər tam və düzgün formada təqdim edilmədiyi göstərilsə də, qeyd olunan natamamlıq və yalnışlığın məhz nədən ibarət olması protokolda əksini tapmamışdır. Halbuki inzibati icraat materialları ilə müəyyən edilir ki, Müfəttişlik Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu xx.xx.2025-ci il tarixdə MMC-yə daxil olduqdan sonra sorğu ilə tələb olunan əmək müqaviləsinin surəti, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin surəti, iş vaxtının uçot cədvəlləri (son 5 ay), əmək haqqının hesablanması və ödənilməsi cədvəllərinin surəti (son 5 ay), son haqq-hesab hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlərin surəti X5 Xidmətinə xx.xx.2025-ci il tarixli məktubla 7 iş günü ərzində göndərilmiş, eyni məktubla vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta yalnız birbaşa qəsdlə törədildikdə inzibati məsuliyyətə səbəb olur. Qanuna görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu xəta birbaşa qəsdən törədilmiş xəta hesab olunur. İşin faktiki halları və işdə olan sübutlardan belə müəyyən olunur ki, hüquqi şəxs tərəfindən Müfəttişlikdən daxil olmuş sorğuya qarşı hər hansı laqeydlik nümayiş etdirilməmiş, tələb olunan sənədlər hazırlanaraq vaxtında təqdim olunması təmin olunmuşdur. Müfəttişlik inzibati xəta haqqında protokolda konkret və dəqiq olaraq natamamlıq və yalnışlığın nədə ifadə olunduğunu göstərmədiyinə və inzibati xətanın mahiyyəti, habelə törədilmə vaxtı və yeri, hüquqi şəxsin xeyrinə sənədlərin natamam və ya düzgün formada təqdim edilməməsində birbaşa qəsdi subyektiv cəhətdən özündə ehtiva edən hərəkət və ya hərəkətsizliyinin nədən ibarət olduğu aydın müəyyən edilmədiyinə görə məhkəmə Məhdud Məsuliyyətli Cəmiyyətin qəsdi ilə əhatə olunan inzibati xətanın mövcudluğunun sübuta yetirilmədiyi barədə nəticəyə gəlir. Göründüyü kimi, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Bu mövqeyi rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Beləliklə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3346/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3346/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver