Məhkəmə qərarları › İş №3(005)-335/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-335/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-335/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 27 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxsndə xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri gözlənilmədən, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X3 ilə aralarında bağlanmış №13/01-24 nömrəli xidmət müqaviləsi əsasında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, protokolda qeyd edilən şəxslər onların işçisi olmamışlar. Həmin şəxslərlə MMC arasında xidmət müqaviləsi bağlanmış, göstərilən xidmət qarşılığında ödənişlər edilmişdir. Müvafiq sənədləri məhkəməyə təqdim edərək Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron çıxarışından görünür ki, X3 (VÖEN **********) fərdi sahibkar kimi fəaliyyət göstərir. “Sifarişçi” Şəxs MMC ilə “İcraçı” fərdi sahibkar X3 arasında bağlanan 013/01-24 №-li xidmət müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin tapşırıqlarına müvafiq olaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə bu müqavilənin əlavələrində göstərilən xidmətlər göstərməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 013/01-24 №-li xidmət müqaviləsinə Əlavədən görünür ki, İcraçı Sifarişçiyə əmək ehtiyatlar – qabyuyan, ofisiant, aşpaz, xadimə xidmətləri təqdim edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, Şəxs MMC ilə fərdi sahibkar X3 arasında xx.xx.2024-cü il tarixdə xidmət müqaviləsi və həmin müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə bağlanılmışdır. Həmin Xidmət müqaviləsinə əsasən İcraçı Sifarişçinin tapşırıqlarına müvafiq olaraq Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun şəkildə xidmətlər göstərməyi, Sifarişçi isə Xidməti qəbul edib, bu Müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə İcraçıya Xidmət haqqını ödəməyə öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, göstərilən xidmətlərin müqabilində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay üzrə Şəxs MMC tərəfindən fərdi sahibkar X1 müvafiq ödənişlər edilmişdir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin üzərinə düşür. Qeyd edilən orqan məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə əlavə hər hansı sübut təqdim etməmiş və Şəxsnın Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edərkən yalnız müəssisədən təqdim edilmiş məktuba və sənədlərə istinad edilmişdir ki, həmin sübut da məhkəmə iclasında araşdırılan digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə Şəxs ilə X3 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı araşdırma aparmadan X2 Xidməti Şəxs tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X3 ilə Şəxs arasında əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyindən MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in : 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar