Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3353/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi X1 iştirakı ilə, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət barədə X3 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 məhkəmə iclasında qeyd etdi ki, X6 13 avqust 2024-cü il tarixdə “Hundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə hərəkət etdikdən bir müddət sonra guya İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan xəta törətməyi barədə mobil telefona məlumat daxil olmuşdur. Elektron kabinet vasitəsi ilə daha geniş məlumat əldə edərkən orada avtomobilin digər avtomobillər arasında ümumi görüntüsü barədə foto və avtomobilin ön görüntüsü fotosu yerləşdirilmişdir. Həmin fotolarda ərasidə surət limitinin 50 olmasını sübut edən (təsdiq edən) 3.24 nişan mövcud deyil, surət limitini bildirən həmin nişanın yolun hansı hissəsində yerləşməsi, haradan qüvvəyə minməsi, avtomobilimin bu nişanın təsiri hissəsi zonasında hərəkət etməsi, DYP avtomobilinin 3.24 nişanına münasibətdə hansı məsafədə dayanıb xüsusi texniki vasitə (XTV) olan smart radardan istifadə etməsi bilinmir, əlavə olaraq yerləşdirilmiş fotoşəkillərdə avtomobilin qeydiyyat nömrəsində ziddiyyət və uyğunsuzluq olaraq 10N898 motosiklet nömrəsi (!) kimi sənədləşdirilmişdir. Fotoşəkildə eyni zamanda 10-dan çox avtomobilin hərəkət etdiyi görünür, həmin ərazidən hər gün bir neçə dəfə keçdiyindən və surət limiti nişanları barədə məlumatı olduğundan buna həmişə diqqət və nəzarət etmişdir. Odur ki, hərəkət zamanı surət limitinə əməl edərək avtomobilini saatda 50 km surətlə idarə etmişdir. Hesab olunur ki, 10-dan çox avtomobilin hərəkəti zamanı smart radar vasitəsi ilə əks yol ilə hərəkət edən məhz X5 məxsus avtomobili ilə surət limitinin aşması inandırıcı olmamaqla həqiqəti əks etdirmir. Belə olan halda fotoşəkildə qeyd edildiyi kimi X6 tərəfindən guya surət limiti saatda 50 km olduğu ərazidə saatda 69 km surətlə hərəkət etməklə İXM-nin 328.1-ci maddəsi ilə xəta törətməyim barədə əlavə edilən foto-video material şübhəli və ziddiyyətli olmaqla mötəbər sübutlara təsdiq edilmir. Ona görə də elektron qərarı əldə edərək məhkəməyə şikayətlə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4787/2024 saylı, 30 avqust 2024-cü il tarixli qərarı ilə Baş Dövlət Yol Polisi idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar həmin quruma göndərilmişdir. BDYPİ tərəfindən isə inzibati işə yenidən baxılsa da, məhkəmənin qərarında qeyd etdiyi məsələlərə əhəmiyyət verilməmiş, Qanunvericiliyin tələblərinə əməl edilməyərək, “xəta” ilə bağlı yeni mötəbər və təkzibedilməz sübut təqdim etməməklə növbəti dəfə hazırda şikayət etdiyi şübhəli elektron qərar çıxarılmışdır. Ona görə də barəmdə bununla bağlı çıxarılmış yuxarıda qeyd edilən elektron qərar qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, qəbul ediləcək qərarın qanuni və ədalətli olmasına əsas yaradan və iş üçün əhəmiyyətli olan aşağıdakı hallar da araşdırılmalı və BDYPİ tərəfindən sübuta yetirilməsi (smart radarla bağlı sübut əhəmiyyətli sənədlər təqdim edilməlidir) zəruridir. İnzibati işdən görünür ki, BDYPİ tərəfindən inzibati icraat aparılarkən yuxarıda qeyd etdiyi Qanunun tələblərinə tam əməl edilməmişdir. Həmçinin, ölçmə vasitələrinin yoxlamalarını Azərbaycan Respublikasının Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları həyata keçirir. Eləcə də, Dövlət metroloji xidmət (digər səlahiyyətli təşkilatlar) orqanları tərəfindən ölçmə vasitələrinin istifadə üçün yararlığının və onların təyin edilmiş məcburi tələblərə cavab verməsinin müəyyənləşdirilməsi başa düşülür. Mövcud Qanunvericiliyə görə Dövlət metroloji nəzarətindən və yoxlanmasından keçən ölçmə vasitələri istehsaldan buraxılma, təmir, xaricdən gətirilmə və istismar zamanı yoxlanılmalıdır. Yoxlama, sınağın nəticələrinə görə təsdiq edilmiş normativ sənədlərə uyğun aparılır. Həmçinin, yoxlamanın nəticələri aşağıdakılardır: ölçmə vasitəsinin tətbiq üçün yararlı olduğunu sübut etmək; bu halda onun və texniki sənədin üzərinə yoxlama damğası vurulur və yoxlama şəhadətnaməsi verilir. Yoxlama damğası-müəyyənləşdirilmiş formaya malik işarədir. Ölçmə vasitəsinin üzərinə vurulur. Onların istifadəyə yararlığını sübut edir. Hesab olunur ki, ərazidə surət limitinə əməl etdiyim halda smart radar vasitəsi ilə texniki səhv və ya texniki xəta olaraq barəsində İXM-nin 328.1-ci maddəsi ilə əsassız cərimə tətbiq edilmiş və BDYPİ tərəfindən inzibati işə yenidən baxılma nəticəsində surət limitinin məhz onun tərəfindən aşmağım digər sübutla və ya üsulla təsdiq edilmir. Oxşar işlə üzrə təcrübə onu göstərir ki, eyni maddə ilə BDYPİ-nin elektron qərarından məhkəməyə verilmiş şikayətin qismən təmin edilərək elektron qərarın ləğvi, işin yeni araşdırmaya göndərilməsi, lakin araşdırma nəticəsində heç bir yeni sübut təqdim edilmədiyi halda BDYPİ-nin ikinci dəfə də eyni elektron qərarından verilən şikayətlər məhkəmələr tərəfindən təmin edilərək elektron qərar ləğv edilib işin icraatına xitam verilir. Xüsusi qeyd olunur ki, BDYPİ-nin nümayəndələri qəbul etdikləri elektron qərarlardan verilən şikayətlərə məhkəmə iclaslarında baxılarkən iştirak etmirlər, işin nəticəsi ilə maraqlanmırlar, elektron qərarlar ləğv edilsə belə ondan apellyasiya qaydasında şikayət vermirlər. Bu da BDYPİ-nin çıxardığı elektron qərarların əsassız və qanunsuz olduğunu təsdiq edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab olunur ki, bu dəfə şikayəti təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin barəsində İXM-nin 328.1-ci maddəsi ilə cərimə edilməyi barədə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X5 ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli, №-3-13-16/2-173347/24 saylı məktubdan görünür ki, «Hyundai» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntusu törədilməsinə görə xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında X6 barəsində çıxarılmış EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunaraq inzibati xəta haqqında işə yenidən baxılmasına dair Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarına baxılmasının nəticəsi barədə qərarın surəti X5 göndərilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə «Hyundai» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin F.X.Xoyski küçəsində sürət məhdudiyyəti 50 km/saat olduğu halda 69 km/saat sürətlə hərəkət edib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş X6 barəsində EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş N.Maqsudov, barəsində çıxarılmış elektron qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş və xx.xx.2024-cü il tarixdə məhkəmədə işə baxılaraq EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında işə yenidən baxılarkən xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, törədilmiş yoi hərəkəti qayda pozuntusunun foto və video görüntülərinə keçirilən baxış zamanı vətəndaş N.Maqsudovun sözügedən avtomobillə hərəkətdə olarkən sürət məhdudiyyəti 50 km/saat olduğu halda 69 km/saat sürətlə hərəkət etdiyi təsdiqini tapmışdır. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22948122 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 10 (on) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X6 xx.xx.2024-cü il tarixdə saat 08:28-də Bakı, Fətəlixan Xoyski prospekti 21b ünvanında “HYUNDAİ SONATA” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətinin 19 km/saat həddində aşması nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4787/2024-cü il saylı, 30 avqust 2024-cü il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, X3 İXM-in 328.1-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22948122 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi törədilməsi ehtimal edilən X4 əməli üzrə tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qərara alındığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1- 154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş № 16/1-154080 nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3353/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3353/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver