Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-336/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İHakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs Rəhmanov Eldar Rəhman oğlu şikayətini onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən fiziki şəxs kimi onun sahibkarlıqla məşğul olduğu obyektdə işləyən, işci Abbasova Səfa Mübariz qızının müraciəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsində fiziki şəxs kimi onun barəsində Əmək Məcəlləsinin 172 və 129-cu maddələrinin tələblərini pozması qeyd edilməklə 27 avqust 2020-ci il tarixli 0461684 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1500 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Bununla da Əmək Müvəttişliyi ona maddi cəhətdən ziyan vurmuşdur. Belə ki, o, 01 fevral 2020-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nərimanov rayonu AK. Həsən Əliyev 82 ünvanında yerləşən restoranı icarəyə götürmüşdür. Heç bir ay keçməmiş hamıya məlum olan pandemiya xəstəliyinin yayılması ilə əlaqədar restoranın iş fəaliyyəti dayandırılmışdır. Restoranda həmin müddətdə işləmiş Abbasova Səfa Mübariz qızı qarşılıqlı razılaşma əsasında məzuniyyətə getmişdir. Sonradan “Koronavirus” xəstəliyinin yayılması ilə əlaqədar uzun müddət restoran işləmədiyinə görə Abbasova Səfa Mübariz qızı Əmək Müfəttişliyinə müraciət etmişdir. Abbasova Səfa Mübariz qızı ilə çox qısa müddətdə, yəni bir aydan az olaraq işləmişdir. O, 01 fevral 2020-ci il tarixli icarə müqaviləsindən də göründüyü kimi həmin obyektdə qısa müddət, yəni bir aydan az müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, dərhal da ümumdünya, o cümlədən də respublikada baş vermiş pandemiya “Covid- 19” xəstəliyi ilə əlaqədar sahibkarlıq fəaliyyəti dayandırılmışdır. Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 27 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilmiş tənbeh inzibati xətanın xarakterinə və onun törədilməsi hallarına uyğun gəlmir. Hər bir halda 27 avqust 2020-ci il tarixli qərarla inzibati xətanın törədilməsi, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 13-cü və 14-cü maddələrində sadalanan hallar, yəni onun qəsdən və yaxud ehtiyatsızlıqdan törədilməsi halları sübut olunmur. Göstərilən faktlara əsasən hesab edir ki, onun barəsində çıxarılmış 27 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız və ədalətsizdir. Əmək müfəttişliyi göstərilənləri nəzərə almaqla inzibati tənbeh növünü birinci dəfə xəbərdarlıq etməklə tətbiq edə bilərdi. Onsuz da Pandemiya dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi ona kifayət qədər maliyyə zərbəsi vurulmuşdur. Hal-hazırda 1500 manat cəriməni ödəmək məcburiyyətində qalarsa, sahibkarlıq fəaliyyəti müflis vəziyyətinə düşəcəkdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs Rəhmanov Eldar Rəhman oğlu şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli 0461684 nömrəli inzibati “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcarəyə verən “Continental” şirkəti ilə icarəçi sahibkarlıq fəaliyyəti göstərən Rəhmanov Eldar Rəhman oğlu arasında bağlanmış 01 fevral 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə üzrə icarəyə verən ona məxsus olan “Tonqal” restoranını icarəçiyə icarə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür; Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Abbasova Səfa Mübariz qızı əmək müqaviləsi əsasında 01 fevral 2020-ci il tarixdən “Tonqal” restoranına xadimə kimi işə götürülmüşdür; “Tonqal” restoranının rəhbərliyi Rəhmanov Eldar Rəhman oğlu tərəfindən verilmiş 65 nömrəli, 31 may 2020-ci il tarixli əmrin surətindən görünür ki, 14 nəfər işçi, o cümlədən Abbasova Səfa Mübariz qızı 01 iyun 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixədək öz hesablarına məzuniyyətə buraxılmışlar; Abbasova Səfa Mübariz qızının Dövlət Əmək Müfəttişliyinə ünvanlanmış izahatından görünür ki, o, “Tonqal” restoranında 5 il xadimə vəzifəsində çalışmış, aprel ayından karantinlə bağlı işləri bağlanmışdır. 5 illik məzuniyyət pulunu tələb edir, 130 manat məbləğində əmək haqqını kart vasitəsi ilə almışdır; 17 avqust 2020-ci il tarixli, MN 0687552 nömrəli “İnzibati xəta haqqında Protokol”un surətindən görünür ki, Abbasova Səfa Mübariz qızının müraciətinə baxılması zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 hissəsinin və 129-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə Rəhmanov Eldar Rəhman oğlu tərəfindən İXM-in 192.4 və 192.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt Abbasova Səfa Mübariz qızının əmək haqqından bank hesabının çıxarışı və fiziki şəxs Rəhmanov Eldar Rəhman oğlunun təqdim etdiyi sənədlərlə təsdiq edilir; 27 avqust 2020-ci il tarixli, MN seriyalı 0461684 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, Abbasova Səfa Mübariz qızının müraciətinə baxılması zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 hissəsinin və 129-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə Rəhmanov Eldar Rəhman oğlu İXM-in 192.4 və 192.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)- 1738/2020 nömrəli qərarından görünür ki, şikayətçi Rəhmanov Eldar Rəhman oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, 0461684 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin olunması və həmin qərarın ləğv edilməsi, qərarın surətinin yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2065/2020 nömrəli qərarından görünür ki, apelyasiya şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və işin yenidən araşdırılması üçün həmin Xidmətə qaytarılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(005)-1738/2020 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl Rəhmanov Eldar Rəhman oğlunun təqsirli bilindiyi inzibati xətalara dair bir daha münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 179-cu maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 192.5-cı maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi Rəhmanov Eldar Rəhman oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində hansı qanun pozuntusuna yol verilməsi aydın deyil. Abbasova Səfa Mübariz qızı isə ona 5 illik məzuniyyət pulunun verilməməsindən şikayət etmişdir. İş materiallarından göründüyü kimi, “Tonqal” restoranının rəhbəri kimi Rəhmanov Eldar Rəhman oğlu tərəfindən verilmiş 65 nömrəli 31 may 2020-ci il tarixli əmrə əsasən Abbasova Səfa Mübariz qızı 01 iyun 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixədək öz hesabına məzuniyyətə buraxılmışdır. Abbasova Səfa Mübariz qızına ödənişsiz, yəni haqqı ödənilməyən məzuniyyət verildiyi və bu zaman məzuniyyət haqqı hesablanmadığı üçün həmin əməliyyatların həyata keçirilməsində hər hansı qanun pozuntusuna yol verilməsindən söhbət gedə bilməz. Həmçinin, Rəhmanov Eldar Rəhman oğlunun təqsirli bilindiyi İXM-in 192.5-ci maddəsinin tərkib hissəsinin yaranması üçün isə işəgötürən tərəfindən işçinin məzuniyyət hüququ pozulmalı, işçiyə əmək məzuniyyəti verilməməli, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiya ödənilməməlidir. Abbasova Səfa Mübariz qızı öz hesabına məzuniyyətə buraxıldığı üçün Rəhmanov Eldar Rəhman oğlunun əməlində İXM-in 192.5-ci maddəsinin tərkib əlamətlərinin yaranması da istisna olunur. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abbasova Səfa Mübariz qızı 01 fevral 2020-ci il tarixdə işə qəbul olunmuş və öz hesabına məzuniyyətə buraxılana qədər 3 ay işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 3cü və 131-ci maddəsinin 1-ci hissələrinin tələblərinə əsasən Abbasova Səfa Mübariz qızının əmək məzuniyyəti hüququ yaranmamışdır. Belə ki, həmin maddələrə müvafiq olaraq əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili isə işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Abbasova Səfa Mübariz qızı Dövlət Əmək Müfəttişliyinə ünvanladığı şikayətində 5 il işlədiyini, buna görə də 5 illik əmək məzuniyyəti pulunun ödənilməsini tələb etdiyini göstərsə də, onun bu dəlilləri məhkəmə iclasında hər hansı sübutla öz təsdiqini tapmamışdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, “Tonqal” restoranı Rəhmanov Eldar Rəhman oğlu tərəfindən 01 fevral 2020-ci il tarixdə icarəyə götürülmüş və Abbasova Səfa Mübariz qızı da həmin restoranda xadimə kimi işə məhz həmin tarixdə başlamışdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Rəhmanov Eldar Rəhman oğlunun təqsirli bilindiyi İXM-in 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün əsas olan halların hər hansı birinin mövcud olması müəyyən edilmir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, Rəhmanov Eldar Rəhman oğlu tərəfindən işəgötürən kimi işçi Abbasova Səfa Mübariz qızının əmək məzuniyyəti ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən Dövlət Əmək Müfəttişliyi tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Dövlət Əmək Müfəttişliyi vəzifəli şəxs kimi Rəhmanov Eldar Rəhman oğlunun İXM-in 192.4 və 192.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə Rəhmanov Eldar Rəhman oğlunun göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan Rəhmanov Eldar Rəhman oğlunun İXM-in 192.4 və 192.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən yalnız Abbasova Səfa Mübariz qızının izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan Rəhmanov Eldar Rəhman oğlu tərəfindən Abbasova Səfa Mübariz qızının əmək məzuniyyəti ilə bağlı hər hansı hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq Rəhmanov Eldar Rəhman oğlunu inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, Rəhmanov Eldar Rəhman oğlu tərəfindən Abbasova Səfa Mübariz qızının əmək məzuniyyəti ilə bağlı hər hansı hüquqlarının pozulması heç bir sübutla öz təsdiqini tapmır, inzibati orqan iş üzrə toplanmış sübutlara düzgün qiymət vermədən Rəhmanov Eldar Rəhman oğlunun İXM-in 192.4 və 192.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə səhv hüquqi nəticəyə gəlmiş və onu əsassız olaraq inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Rəhmanov Eldar Rəhman oğlu tərəfindən Abbasova Səfa Mübariz qızının əmək məzuniyyəti ilə bağlı hər hansı hüquqlarının pozulması təqdim edilmiş sübutlarla müəyyən olunmur, səlahiyyətli orqan Abbasova Səfa Mübariz qızının şikayətində göstərilən halları müəyyən etmədən və yalnız ehtimallara əsaslanaraq Rəhmanov Eldar Rəhman oğlunun İXM-in 192.4 və 192.5ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də, şikayət təmin edilməli, Rəhmanov Eldar Rəhman oğlunun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, 0461684 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-336/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-336/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver