Məhkəmə qərarları › İş №3(005)-336/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-336/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-336/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və X2 Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 24 yanvar 2025-ci il tarixli protokol və müvafiq materiallar baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-336/2025 saylı, 20 fevral 2025ci il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1081/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 336/2025 nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şahid1 İnqilab oğlu xx.xx.2024-cü il tarixdə əmək fəaliyyətini yerinə yetirən zaman xəsarət almış, araşdırma nəticəsində Şəxs MMC tərəfindən əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X6 protokola uyğun çıxış edərək, protokolun əsaslı olduğunu və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şahid1 İnqilab oğlu xx.xx.2024-cü il tarixdə əmək fəaliyyətini yerinə yetirən zaman xəsarət almış, araşdırma nəticəsində Şəxs MMC tərəfindən əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında tədqiq edilən müraciət vərəqəsindən görünür ki, Qara Qarayev prospekti, Ruslan 93 adlı marketdə satıcı vəzifəsi üzrə çalışan əməkdaşı Şahid1 (d/t: xx.xx.2003) əmək funksiyalarının icrası zamanı müştəri ilə münaqişədə bıçaq yarası almışdır. Vətəndaş başın açıq bıçaq yarası diaqnozu ilə Sabunçu tibb müəssisəsinə yerləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilən “İstehsalatda baş verən bədbəxt hadisə yerinə baxış aparılması” haqqında protokoldan müəyyən edilir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə bağlı məsələnin araşdırılması məqsədi ilə Ruslan-93 marketinin 3-cü mərtəbəsində icarədə "xxxx" MMC-də hadisə yerinə baxış keçirilmişdir. Müəssisə rəhbəri X1 bildirmişdir ki, sınaq müddətində işçi olan Şahid1 xx.xx.2024-cü il tarixdə, saat 10:05 radələrində tanımadığı şəxs tərəfindən nə məqsədlə olduğu ona aydın olmayan səbəbdən bıçaqla xəsarət yetirilmişdir. Protokol zamanı video-görüntü aparılmış və protokol hal şahidləri (Şahid2, X1) və protokolu tərtib edən şəxs tərəfindən imzalanmışdır. Məhkəmənin sorğusu əsasında Bakı Ağır Cinayətlər Məhkəməsindən əldə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixdə Nizami Rayon Prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktından aydın olur ki, Şahid1 ibtidai araşdırma orqanında verdiyi ilkin ifadəsində söyləmişdir ki, “Həmin ərəfədə mən iş axtarırdım və internet saytında yerləşdirilmiş elan vasitəsilə Məhəmməd Babazadə ilə tanış olmuşdum. Tanış olduqdan sonra öyrəndim ki, “Ruslan 93” marketinin 3-cü mərtəbəsində ofisi carəyə götürüb “Rent a Car” adlı ofisdə avtomobilləri günlük olaraq icarəyə verir. Həmin ərəfələrdə mən də qeyd etdiyim ofisdə işləməyə başladım.” Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsində MMC-nin direktoru X1 tərəfindən verilmiş izahatdan məzmunundan görünür ki, Şahid1 ofisə yaxınlaşaraq ondan iş istəmiş, direktor ona sınaq müddətində işləri vaxtında icra etsə onu işə götürəcəyini bildirmişdir. Sınaq müddəti qısa iş rejimində olmuş və qarşılığında onun gündəlik ehtiyaclarını ödəmişdir. İzahat MMC-nin direktoru X1 tərəfindən imzalanmışdır. İş materiallarından müəyyən olunur ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İnqilab oğlu ifadəsində göstərmişdir ki, Şəxs MMC-nin direktoru Məhəmməd onun dostudur. Dostunun rentacar açmasını sonradan bilmişdir. Həmin MMCyə hər zaman dostunun yanına gedib gəlmişdir, dostu ilə çay içmişdir. Orada hər hansı bir iş görməyə cəlb edilməmişdir. xx.xx.2024-cü il tarixdə ümumi dostları Şahid2 onu Şəxs MMC-yə dəvət etmişdir. Valeh hər iksinin dostudur. Ora gələndə qapıdan içəri girən kimi qəfildən arxadan tanımadığı şəxs balta ilə onun başından vurmuş, o huşunu itirmişdir. İş materiallarından müəyyən olunur ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə dostu Məhəmmədə baş çəkməyə gəlmişdir. Orada tanımadığı şəxs ora gəlib Həsənin şəklin göstərib demişdir ki, “bu oğlanı tanıyırsan” oda demişdir tanıyıram, o da zəng edib dostu Həsəni ora çağırmışdır. Həsən içəri girən kimi onu balta ilə başından vurmuşlar. O özü qolundan xəsarət almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən Şahid1 İnqilab oğlu Şəxs MMC tərəfindən əmək müqavilələri olmadan işlərə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclaslarında dindirilmiş Şahid2 və Şahid1 İnqilab oğlunun verdiyi ifadələrdə Şəxs MMC-də Şahid1 İnqilab oğlunun heç bir işə cəlb edilməməsi, eləcə dostunun yanına həmin obyektə gəlib-getməsi ilə bağlı verdikləri ifadələrə münasibətdə məhkəmə qeyd edir ki, Şahid2 və Şahid1 İnqilab oğlunun aralarında dostluq münasibətlərinin olması səbəbindən əvvəlki məhkəmə iclaslarında verilmiş ifadələr inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirilir. Belə ki, məhkəmə tərəfindən “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixdə Nizami Rayon Prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktında olan ifadələrdən aydın olur ki, Şahid1 İnqilab oğlu Şəxs MMC-də işləməyə başladığını özü etraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi olmadan şəxslərin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar