Məhkəmə qərarları › İş №3(005)-3366/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3366/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3366/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru polis kapitanı X1, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs vət X2 mənzil icarəyə götürmək üçün 380 AZN pul almış və vədinə əməl etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, fərdi olaraq makler işləyir. Müxtəlif elan saytlarında tapdığı ev elanlarını müştərilərlə əlaqələndirir və pul qazanır. xx.xx.2023-cü il tarixində bir nəfər onunla əlaqə saxlamış və tələbə olduğunu və Yasamalda olan kirayə evi istədiyini bildirmişdir. Lakin o, Yasamalda olan evin artıq kirayəyə verildiyini, Nərimanov rayonu, Montin qəsəbəsində 300 manata ev olduğunu və əlavə olaraq xidmət haqqı 80 manat ödəməli olduğunu bildirmişdir. Onunla razılaşmış və verdiyi kart hesabına 380 manat pul göndərmişdir. Dediyi evdə olan şəxslər çıxmalı olsalar da, evdən çıxmamış və müddəti uzatmışdılar. O, anası xəstə olduğu üçün pulunu ona göndərmişdir. Tələbələr üçün ev axtarsa da, tapa bilməmiş və həmin şəxsə pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, tələbə olduğu üçün Bakı şəhərində özünə kirayə ev axtrarkən “bina.az” elan saytına qoyulmuş Yasamal rayonu ərazisində 450 manata ev elanı görmüşdür. xx.xx.2023-cü il tarixində elanda olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış və özünü makler kimi təqdim edən şəxslə danışmışdır. Həmin şəxs Yasamalda olan evin artıq kirayəyə verildiyini, Nərimanov rayonu, Montin qəsəbəsində 300 manata ev olduğunu və əlavə olaraq xidmət haqqı 80 manat ödəməli olduğunu bildirmişdir. Onunla razılaşmış və həmin şəxsin verdiyi kart hesabına 380 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Ənvərlə dəfələrlə əlaqə saxlayıb evi təhvil verməsini istəsə də, müxtəlif bəhanələrlə aldatmışdır. Ona deyilən ünvan 1 ünvanına getmiş, həmin evdə tanımadığı şəxslərin yaşadığını görmüşdür. Axşam saatlarında yenidən gəlmiş və heç kəsin olmadığını görmüşdür. Bir qədər gözlədikdən sonra Ənvər adlı şəxsin gəldiyini görüb ona yaxınlaşmış və polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZA seriyalı 004355 nömrəli, 12 noyabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X5 tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar