Məhkəmə qərarları › İş №3(005)-3368/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3368/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3368/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 nümayəndəsi və vəkili 13 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2022-ci il tarixdə təxminən saat 11-12 radələrində X11 dostu X7 və X5 ilə birlikdə Çəngi kəndinə yaşayan dostları ilə görüşüb istirahətə gedən zaman yolu bir maşın kəsib və maşından iki nəfər şəxs birinin adının sonradan Cəmil olduğunu öyrənmişlər, özlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri kimi təqdim edib, qanunsuz ov etdiklərini bildirmişlər. Onlar isə ümumiyyətlə ov etməyə gəlmədiklərini bildirib, ov tüfənginin üzərlərində olmasına səbəb isə çöldə piknik kimi istirahət eləcəklərindən vəhşi heyvanlardan qorunmaq zərurəti ola biləcəyini bildirmişlər. Uzun mübahisədən sonra X8 məxsus ov tüfəngini alıb növbəti gün gəlib götürməyi bildirmişlər. Növbəti gün 4 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə getmişlər və izahat vermişlər. Oradakı əməkdaşlara ov etmədiklərini, onlar tərəfindən hər hansı bir heyvanın və ya canlının ovlanmadığını, nəinki ovlanmadığını hətta havaya belə atəş açılmadığını bunu sübut edən halların olmadığını bildirmişlər. Bundan sonra onlara məxsus ov tüfəngləri geri qaytarılsa da, bir müddət sonra protokol və qərar çıxarılaraq X3 Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərdiyim hallara və qanun normalarına istinad edərək hesab edir ki, barəsində çıxarılmış inzibati sanksiyanın tətbiq edilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, X11 ovçular və balıqçılar cəmiyyətinin üzvüdür. Həmin gün avtomobilində ov tüfəngi olsa da ov etməmişdir. Barəsində tərtib edilmiş inzibati protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq edilməsi barədə qərarla razı deyil. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X6 İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə X4 rayonu, Ağdərə kəndi yaxınlığı “Çəkil” çayının sol sahilində qanunsuz ov fəaliyyəti (lazımi icazə sənədi olmadan) məşğul olmuşdur. Bununla da X11 İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 190/44 nömrəli biletdən görünür ki, X11 oğlu “Azərbaycan Ovçular və Balıqçılar” Cəmiyyətinin üzvüdür. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir; 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir; 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir; 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; - inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; - inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; - inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; - işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə, təqdim edilmiş sənədləri və işin faktiki hallarını araşdırmaqla, belə nəticəyə gəlir ki, X11 “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Belə ki, X11 “Azərbaycan Ovçular və Balıqçılar” Cəmiyyətinin üzvüdür. Bu halda şəxsin avtomobilində ov tüfəngi saxlaması və ovçuluq fəaliyyəti ilə məşğul olması qanunsuz deyil. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməklə bərabər, belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələbləri pozulmuş, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Ona görə də, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar