Məhkəmə qərarları › İş №3(005)-3378/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3378/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3378/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Nərimanov rayon X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 08.11.2021-ci il tarixli X5 haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Nərimanov rayon X9 İdarəsinin TP ******* nömrəli, 08.11.2021-ci il tarixli X5 haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, 8 noyabr 2021-ci il tarixdə Heydər Əliyev pr .239-245 də Mercedes E- 230 (99MO351) avtomobili ilə hərəkət edərkən saat 19:42 radələrində YPX onu saxlamış və Bakı şəhəri Nərimanov Rayon DYPŞ Yol patrul xidməti baş inspektoru polis leytenantı Qabulov Rəşid tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xəta törətdiyi qeyd edilmişdir. Protokola 10.11.2021 tarixində elektron qaydada etirazını bildirmiş olduğu üçün şikayətinə baxıldə bildirilsə də, araşdirmaya dəvət edilmədən, şikayətinə cavab məktubunda barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xəta törətdiyi qeyd edilmişdir. Geriyə dönmə yerində düzünə hərəkət etdiyini əsas gətirərək 60 azn məbləğində cərimə edildiyi bildirilmişdir. TP4700591 nömrəli X5 Haqqinda qərarda isə giriş qadağandir nişaninin tələbini pozduğu qeyd edilir. Göründüyü kimi iki ayrı iddia irəli sürülmüş və ikisi də əsassizdir. Əraziə quraşdirilmiş 5.11.1 Geriyə dönmə yeri nişani məlumatverici nişandır və ərazidə düzünə hərəkəti qadağan etmir. Bu nişanın məlumatini qavrayaraq ərazidə düzünə hərəkət etdikdə qarşıda “giriş qadağandir” nişani qarşılayır. Bu anda artiq gec olur və arzu etmədən giriş qadağandir nişaninin tələbini pozmuş olursan. Əlavə olaraq günün sıxlıq olan vaxti sag tərəfdə dayanmiş nəqliyyat vasitələri də zolağın keçiriciliyini azaldır və nişanların qavraranılmasını çətinləşdirir. Ərazidə yolun təşkil olunmasında və nişanlanmasında ciddi problemlər var. Belə ki, sonuncu dönüş yerində məcburi hərəkət istiqamət nişanlarından heç biri quraşdırılmamişdir və hərəkətin düzünə bitdiyi qeyd edilməmişdir. Hər hansi yolun təşkil olunmasında və nışanlanmasında məsuliyyəti olan qurumun məsuliyyətini dərk etməməsi və yol hərəkətini təşkilində səhvlərə görə vətəndaşın inzibati xəta ilə cərimələnməsi düzgün deyil. Yekunda məhkəmədən vermiş olduğu şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhər Nərimanov rayon X9 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Nərimanov rayon X9 İdarəsinin Yol patrul xidməti baş inspektor polis leytenantı X3 tərəfindən tərtib edilmiş 08.11.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 **-MO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 230” minik markalı avtomobillə 08.11.2021-ci il tarixdə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhər Nərimanov rayon X9 İdarəsinin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 08.11.2021-ci il tarixli, TP ******* nömrəli X5 haqqında qərarından görünür ki, X2 08.11.2021-ci il tarixdə saat 19:42-də Bakı şəhəri, Heydər Əliyev prospekti, 239-245, GPS:40.4228123, 49.9148314 ərazidə **-MO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 230” minik markalı nəqliyyat vasitəsinin idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozmuşdur. X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir; Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər Nərimanov rayon X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 08.11.2021-ci il tarixli X5 haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, X2 ona istinad olunan inzibati xəta ilə razılaşmadığından DYP əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir, lakin həmin protokola baxılan zaman X1 iştirakı təmin edilməmiş, araşdırma aparılmamış və barəsində elə həmin gün X5 haqqında 08.11.2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə X1 iştirakını təmin etməyərək sonuncunun hadisə yerinin görüntülərinə baxış keçirməsinə şərait yaratmamış, onun tərəfindən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmaması barədə dəlillərini araşdırmamış və bununla onun hüquqlarını pozmuşdur. Halbuki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur (İXM-in 61-ci maddəsi). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər Nərimanov rayon X9 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli, 08.11.2021-ci il tarixli X5 haqqında qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Bakı şəhəri Nərimanov rayon X9 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov rayon X9 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli, 08 noyabr 2021-ci il tarixli X5 haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər Nərimanov rayon X10 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar