Məhkəmə qərarları › İş №3(005)-3379/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3379/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3379/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" ASC barəsində İXM-in 464cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə "xxxx" ASC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 inzibati protokolu müdafiə edərək "xxxx" ASC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, ASC tərəfindən maliyyə hesabatları vaxtı- vaxtmda müvafiq orqanlara göndərilmişdir. "xxxx" ASC-nin 2020-ci il üzrə maliyyə hesabatlarının auditi AR Auditorlar Palatasının auditoru X6 tərəfindən 17 saylı, xx.xx.2021-ci il tarixli auditor xidməti göstərilməsi barədə müqavilə bağlanmış, xx.xx.2021-ci il tarixində şərtsiz auditor rəyi tərtib olunmuşdur. Auditor rəyi məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Qeyd olunan sənədi məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, "xxxx" ASC-nin hərəkətlərində İXM-in 464-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. İXM-in 464-cü maddəsinin dispozisiyasından və sadalanan qanunvericilik aktlarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il məcburi olaraq müstəqil auditor cəlb etməlidir (kənar audit). Bu tələbin pozulması İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasına, yəni inzibati məsuliyyətə səbəb olur. Lakin, iş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının auditor rəyindən görünür ki, "xxxx" ASC 2020-ci il üzrə maliyyə hesabatlarına dair müvafiq rəy almışdır. Bu isə öz növbəsində "xxxx" ASCnin hərəkətlərində İXM-in 464-cü maddəsinin tərkibinin olmasını istisna edir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar