Məhkəmə qərarları › İş №3(005)-3383/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3383/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3383/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.1 və 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səhiyyə Nazirliyinin Analitik X1 Nəzarət Şöbəsinin mütəxəssisləri tərəfindən ünvan 1 ünvanında "xxxx" MMC-yə məxsus kilinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız praktik tibbi fəaliyyəti və lisenziyadan kənar səyyar tibbi xidmət aşkar edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 215.1 və 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Kömül Əliyeva izahatında göstərdi ki, müəssisədə tibbi cəhətdən bəzi çatışmazlıqlar olsa da müəssisə lisenziyadan kənar hər hansı fəaliyyətlə məşğul olmamışdır. Belə ki, lisenziyasız fəaliyyət göstərməsinin əsası kimi qeyd olunan Məmmədov Toğrul adlı şəxs nevrologiya bölməsində xəstə kimi qeydiyyata alınmamışdır. Yoxlama zamanı bu məlumatın hansı formada əldə edilməsi məlum olmamışdır. Bundan başqa klinikada təcili tibbi yardım fəaliyyəti göstərilmir, təcili tibbi yardım göstərilməsi üçün çağrı mərkəzi olmalıdır ki, bu da klinikada mövcud deyildir. Bundan əlavə Qaralov Fərid neyrocərrah kimi “X4” publik hüquqi şəxsdə çalışır, o, xx.xx.2022-ci il tarixdə klinikada işə qəbul edilsə də xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır. Bu müddət ərzində hər hansı tibbi xidmət göstərməmişdir və protokola əlavə edilmiş sənədlərdə də bu hal təsdiq edilmir. X3 sertifikatsız fəaliyyət göstərməsi faktı olsaydı belə onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Göstərilənlərin nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik X1 Nəzarət Şöbəsinin mütəxəssisi Aqşin Salmanov tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və215.1-ci maddələri ilə inzibati xəta haqqında protokolu xx.xx.2022-ci il tarixdə tərtib edilərək, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(005)-2448/2022 saylı Qərardadına əsasən "xxxx" MMC barəsində İXM-nin 215.4 və 215.1-ci maddələri tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə geri qaytarılmışdır. İnzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlər 24 oktyabr 2022-ci il tarixdə yenidən Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə inzibati xəta haqqında protokola və digər aidiyyəti sənədlərə inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 215.4 və 215.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əmək hüquqları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir və qanunvericilik bu kateqoriyaya aid inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə müddətini inzibati xətanın törədildiyi gündən 3 ay həddində müəyyən etmişdir. İş materiallarından isə görünür ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın törədildiyi vaxtdan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş, hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman isə inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə və İXM-nin 53-cü maddəsinə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 215.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar