Məhkəmə qərarları › İş №3(005)-3390/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3390/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3390/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs Firması barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 10 sentyabr 2024cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 2024-cü ilin yanvar ayından 2024-cü ilin may ayının 1-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Şəxs Firmasının barəsində X5 Xidməti tərəfindən tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ilə razı deyillər. Tərtib edilmiş protokola əsasən X2 2024-cü ilin yanvar ayından 2024-cü ilin may ayınadək əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin məlum olduğu, nəticədə Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Aşağıda göstərilənlərə əsasən hazırki materiallar üzrə inzibati xəta hadisəsi olmadığından başlanmış icraata xitam verilməlidir. Belə ki, X2 X5 Xidmətinə ünvanlandırdığı notarial qaydada təsdiq edilmiş 19 sentyabr 2024-cü il tarixli, **********263 nömrəli ərizəsindən göründüyü kimi X4 əvvəllər Şəxs firmasının “Gilavar" şadlıq sarayında ofisiant işləmiş və xx.xx.2023-cü il tarixində öz ərizəsi ilə işdən azad edilmişdir. X2 və X3 Şadlıq sarayının bəzi işçiləri ilə aralarında anlaşılmazlıq olduğundan əsəbiləşərək X5 Xidmətinə ərizə yazmışlar. Hazırda həmin şəxslər ərizələrini geri götürmüşlər. X4 əlavə olaraq bildirmişdir ki, 2024-cü ilin yanvar ayından 2024-cü ilin may ayınadək “Giləvar" şadlıq sarayında işləməmişdir. X2 həmin ərizəsində qeyd etdiklərini nəzərə alaraq X5 Xidmətinə ünvanlanmış kargüzarlıq nömrəsi 3-17-5/1-Ə-3755 2/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciətinin baxılmasının dayandırılmasını X5 Xidmətindən xahiş etmişlər. X6 ilə aparılmış söhbət zamanı həmin faktı təsdiq etmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, 2024cü ilin fevral ayından “Gilavar" şadlıq sarayında işləyir. O, işlədiyi dövrdə Əfruz adlı xanım “Gilavar" şadlıq sarayında işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, 2023cü ilin mart ayından “Gilavar" şadlıq sarayında işləyir. O, işlədiyi dövrdə maaşı verilmədiyi üçün işdəyi yerdən şikayət yazmışdır. O, Əfruz adlı xanımı 2023-cü ildə “Gilavar" şadlıq sarayında görsə də, 2024-cü ildə həmin xanımı “Gilavar" şadlıq sarayında görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 notarial qaydada təsdiqlənmiş 23 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, “Toros" firmasının “Giləvar" şadlıq sarayında elektrik işləyir. Onun və həmin firmada işləmiş X2 Şadlıq sarayının bəzi işçiləri ilə aralarında anlaşılmazlıq olduğundan əsəbiləşərək Əfruz Əliyevanın 2024-cü ilin yanvar ayından 2024-cü ilin may ayınadək "Giləvar" şadlıq sarayında əmək müqaviləsi olmadan işləməsi barədə izahat vermişdir. Bildirir ki, Əfruz Əliyeva 2024-cü ilin yanvar ayından həmin ilin may ayınadək "xxxx" firmasında işləməmişdir. Hazırda həmin izahatda göstərdiklərini təsdiq etmir. Xahiş edir ki, qeyd etdikləri nəzərə alınsın. X2 notarial qaydada təsdiqlənmiş 19 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, əvvəllər "xxxx" firmasının “Giləvar" şadlıq sarayında ofisiant işləmişdir. xx.xx.2023-cü il tarixində öz ərizəsi ilə işdən azad edilmişdir. Onun və X3 Şadlıq sarayının bəzi işçiləri ilə aralarında anlaşılmazlıq olduğundan əsəbiləşərək X5 Xidmətinə ərizə yazmışdır. Hazırda həmin ərizəsini geri götürür. Əlavə olaraq bildirir ki, 2024-cü ilin yanvar ayından 2024-cü ilin may ayınadək "Giləvar" şadlıq sarayında işləməmişdir. Xahiş edir ki, qeyd etdikləri nəzərə alınsın və X5 Xidmətinə ünvanlanmış kargüzarlıq nömrəsi 3-17-5/1-Ə-3755 2/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciətinin baxılması dayandırılsın. Məhkəmə işdə iştirak edən şəxsin və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs Firması Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs Firması tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs Firmasının təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş şahidlərin izahatları ilə Şəxs Firmasının təqsirliliyi təkzib olunur. X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs Firması barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 10 sentyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokolda X1 Şəxs Firması tərəfindən 2024-cü ilin yanvar ayından 2024-cü ilin may ayının 1-dək əmək müqaviləsi Əmək Məcəlləsi nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi göstərilsə də, məhkəmə araşdırması zamanı X6 izahat verərək, həmçinin X6 və X4 notarial qaydada ərizələr təqdim edərək sonuncunun 2024-cü il ərzində Şəxs Firmasına məxsun “Giləvar" şadlıq sarayında işləmədiyini, Şadlıq sarayının bəzi işçiləri ilə aralarında anlaşılmazlıq olduğundan əsəbləşərək X5 Xidmətinə ərizə yazdıqlarını qeyd etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan, həmçinin Şəxs Firmasına məxsun “Giləvar" şadlıq sarayında işləyən şəxslərin dairəsini müəyyən etdərək həmin şəxsləri şahid qismində dindirmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs Firmasının inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar