Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-34/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi «A.S.S. GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 15.12.2021-ci il tarixdə, MN № ******* il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 15 dekabr 2021-ci il tarixdə saat 16:10 radələrində cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazanın içərisində işçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən fərdi qoruyucu vasitədən istifadə etməyərək xidmət göstərməsi aşkar olunmuşdur. Bununla da MMC tərəfindın İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, bir nəfər işçi fərdi qoruyucu vasitədən (tibbi maska) istifadə etməyərək xidmət göstərmişdir. Bununla da epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Əsaslar aşağıdakılardan ibarət olmaqla həm sübutemə barədə, həm də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmaması ilə əlaqədardır. Sübutetmə ilə əlaqədar qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş həmin protokolda «A.S.S. GROUP” MMC İXM-in 211.2-ci maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, mağazada bir nəfər işçi fərdi qoruyucu vasitədən istifadə etməyərək xidmət göstərməsi aşkar olunmuşdur. Bununla da həmin əməlin törədilməsində «A.S.S. GROUP” MMC təqsirli bilinmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Hüquqi şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olubolmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti yalnız İXM-in 18ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin iş materiallarından göründüyü kimi belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Həmçinin protokol tərtib etmiş şəxs çəkdiyi fotoşəkildəki maska taxmayan həmin şəxsin hüquqi şəxsin işçisi olub-olmamasını ümumiyyətlə araşdırılmamışdır. Hətta işçisi olsa da belə, həmin fiziki şəxsin törətdiyi məhz bu cür inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaranmır. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin olmaması həm də aşağıdakılarla təsdiq edilir. Belə ki, göstərilənlərlə yanaşı məhkəmə həmçinin qeyd edir ki, işçisinin fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi nəticəsində MMC-nin (hüquqi şəxsin) xeyrinin nədən ibarət olması və ya onun hansı maraqlarının qorunması, ümumiyyətlə MMC-nin (hüquqi şəxsin) hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması üçün həmin inzibati xətanın törədilməsi ümumiyyətlə protokolda əsaslandırılmamışdır. İşçi maska taxmayıb xidmət göstərəndə, işçisinin belə formada xidmətindən hüquqi şəxs hər hansısa fərqli, əlavə bir xeyir götürmür və ya hüquqi şəxsin hansısa marağı işçinin maska taxmadan fəaliyyət göstərməsi ilə qorunmur. Belə ki, işçi maska taxıb xidmət göstərməsi və ya maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında əlaqə yoxdur. Eyni zamanda iş materiallarında həmin işçinin maska taxmayıb xidmət göstərməsi barədə heç bir fotoşəkil və digər sübut müəyyən edilməmişdir. Maska taxmaqla işçinin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bu cür fəaliyyət məhz maska taxmadan və yalnız bu cür inzibati xətaya yol verilməklə həyata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və ya maska taxmadan fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və ya xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçi maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçinin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. İşçinin belə bir inzibati xətası nəticəsində isə hüquqi şəxs hər hansı bir fərqli, əlavə xeyir əldə etmir və ya bu inzibati xəta ilə onun maraqları qorunmuş olmur. Bu inzibati xəta hüquqi şəxsin xeyrinə törədilmiş olmur. Beləliklə, işçinin məhz fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi ilə işçinin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı protokol məhz hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin protokol fiziki şəxs və ya vəzifəli şəxs barəsində tərtib edilmədiyindən, bununla da fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmadığından, hazırkı icraatın yekunu olaraq fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati tənbehvermə qərarı da qəbul edilə bilməz. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM- in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə «A.S.S. GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: «A.S.S. GROUP” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-34/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-34/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver