Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-34/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürpsunu vəkili Vəkil iştirakları ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 13 dekabr 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 ilə "xxxx" MMC arasında yaranan əmək münasibətləri xidməti müqavilə ilə rəsmiləşdirilmiş, nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi protokola uyğun ifadə verərək "xxxx" MMC tərəfindən X4 ilə MMC arasındakı münasibətlərin əmək münasibətləri olmasının nəzərə alınmasını, tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı yarandığını, buna görə də tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edilməli olduğunu və həmin şəxslə müəssisə arasında əmək müqaviləsinin bağlanmalı olduğu qeyd edilmiş və əmək qanunvericiliyinin müddəalarına əməl edilmədiyini bildirərək MMC barəsində tərtib olunmuş 13 dekabr 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürpsunu vəkili Vəkil çıxış edərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında” Protokol qanunvericiliyə ziddir, düzgün araşdırılmadan qəbul edilmişdir və “Baki Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil oln inzibati xəta haqqında işə əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən X2 müraciəti əsasında başlanılmış işinə tamamilə həmin müraciətin mahiyyətindən kənara çıxılaraq baxılmışdır. Belə ki, X4 onun əmək hüquqlarının pozulmasından şikayətçi olmamış, onunla "xxxx" MMC arasmda faktiki əmək münasibətlərinin olduğunu qeyd etməmiş və buna dair heç bir müraicət etməmişdir. Sadəcə əməkdaşlıq etdiyi "xxxx" MMC-nin onunla olan münasibətlərini dayandırdığı üçün həmin münasibətləri bərpa etmək niyyətində olmuşdur. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin əməkdaşı qərəzli şəkildə suallar verərək X2 məsələnin mahiyyətindən yayındırmağa çalışmış, müraciətin mahiyyətindən kənara çıxaraq onun "xxxx" MMC ilə olan münasibətlərinin faktiki əmək münasibətləri olmağına yönləndirmiş, "xxxx" MMC-nin və onun vəzifəli şəxsinin inzibati tənbeh tədbirinə məruz qalmasına maraqlı olmuşdur. Nəticə etibari ilə "xxxx" MMC barədə inzibati tənbeh tətbiq edilməsi barədə protokol qəbul edilmişdir. X7 Xidmətinə müraciətlər “Vətəndaşların müraciəti haqqında” Qanunun tələblərinə uyğun qəbul edilir və araşdırılır. Müraciətlər əsasında inzibati xəta tərkibi müəyyən edildikdə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilir. Lakin, X2 müraciəti onun əmək hüquqlarının pozulması ilə bağlı olmamışdır. Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraat zamanı həmin araşdırmaya və protokolun müzakirəsinə "xxxx" MMC və ya onun nümayəndəsi dəvət olunmamışdır. Belə ki, araşdırmanın və protokolun müzakirəsi barədə bildiriş həmin protokol qəbul edildikdən sonra "xxxx" MMC-yə çatdırılmışdır. Lakin protokola nəzər yetirən zaman Bakı Taksi Xidməti” MMC-nin nümayəndəsinin həmin protokolun müzakirəsinə dəvət olunduğu və onun iştirak etmədiyi qeyd edilmişdir. Ona görə də "xxxx" MMC barəsində araşdırma düzgün aparılmamış və yalnış məlumat orada qeyd edilmişdir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, 14 yanvar 2020-ci il tarixli, 330 saylı “Sürücü xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə nəzər yetirən zaman "xxxx" MMC ilə sürücü arasında olan münasibətlərin, faktiki halları araşdıran zaman isə sürücünün işlədiyi müddətdə "xxxx" MMC ilə sürücünün faktiki münasibətlərinin hansı formada olması açıq aydın görsənir. Belə ki, 14 yanvar 2020-ci il tarixli, 330 saylı “Sürücü xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə nəzər yetirən zaman görürük ki, həmin müqavilənin faktiki əmək münasibətlərinə heç bir aidiyyatı yoxdur. Belə ki, bu müqavilə xidmət müqaviləsi kimi qəbul edilməsə belə icarə müqaviləsinin müddəalarını özündə əks etdirir. Qeyd olunan müqavilənin 2.1-ci maddəsində qeyd edilmişdir ki, Sifarişçi İcraçıya sürücü xidmətlərinin göstərilməsi üçün ona tam təchiz edilmiş, istismara yaralı vəziyyətdə “London Taxi TX-4” minik markalı avtomobili təmin edir. İcraçıda bunun müqabilində gündəlik hasilatı Sifarişçiyə ödəyir. Həmin hasilat məbləği Müqavilənin 5.3-cü maddəsində günlük 47 AZN müəyyən edilmişdir. Sifarişçi qeyd olunan günlük hasilatın ödənilməsi təqdirində İcraçıya günlük 7 manat xidmət haqqı ödəvir. Həmin ödənilən xidmət haqqı hasilatın (icarə haqqının) tam ödənilməsi təqdirində sürücüyə (icarə alana) edilən faktiki icarə haqqının azaldılması deməkdir. İcraçı həmin əmlakdan istifadə ilə yanaşı, həmin hasilat məbləğini Sifarişçiyə ödədikdən sonra gün ərzində həmin əmlak vasitəsilə qazandığı vəsait onun özünə qalır, bu da onun bəhəri və ya gəliri sayılır. Həmin müddəaya nəzər yetirən zaman görünür ki, bu faktiki icarə münasibətlərinin qaydalarını özündə əks etdirir. Belə ki, AR Mülki Məcəlləsinin 700.1-ci maddəsində qeyd edilmişdir İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə,verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yəni buradan da aydın olur ki, İcraçının Sifarişçiyə ödədiyi 47 AZN hasilat haqqı faktiki icarə haqqıdır, Sifarişçinin avtomobili İcraçıya verməyi, eyni zamanda faktiki icarə haqqı olan günlük 47 AZN hasilat haqqının Sifarişçiyə İcraçı tərəfindən ödənilməsi əvəzində icarə haqqının azaldılması kimi İcraçıya günlük 7 AZN xidmət haqqı ödəməsi faktiki icarə münasibətləridir. AR X9 qeyd edilmişdir ki, icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 14 yanvar 2020-ci il tarixli, 330 saylı “Sürücü xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə nəzər yetirən zaman İcraçının avtomobildən istifadə etməsi və bəhər götürməsi müddətləri növbəli rejim saatlarında müəyyən edilmişdir. Bu hal faktiki icarə münasibətlərini özündə əks etdirir. Həmin Qanunda qeyd edilmişdir ki, icarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyə verənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək, və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi nəzərdə tutulur. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. 14 yanvar 2020-ci il tarixli, 330 saylı Sürücü xidmətlərinin göstərilməsi haqqında Müqaviləyə nəzər yetirən zaman orada qeyd olunan müddəaların icarə müqaviləsinin tələblərinə uyğun olduğu görsənir. Bu hal faktiki icarə münasibətlərini özündə əks etdirir. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, 2020-ci ildən "xxxx"ndə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Sürücü kimi fəaliyyət göstərməklə yanaşı elektron imzalar aldıqlarını, dövlətə vergilərini özlərinin ödədiklərini, əlavə olaraq dövlət tədbirlərində hər zaman iştirak etdiklərini bildirmişdir. MMC-nin rəhbəri Fuad Əliyev tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, MMC ilə aralarında müqavilə bağlanmış və təhvil-təslim aktı imzalanaraq taksi fəaliyyətini göstərmək üçün avtomobil istifadəyə götürmüşdür. MMC tərəfindən hər hansı iş saatı və ya məzuniyyət müəyyən olunmamışdır, müəssisə tərəfindən əmək haqqı almadığını, yalnız işləyib müqavilədə göstərilən hasilatı MMC-yə verdiyini bildirmişdir. Müəssisə rəhbərliyindən hər hansı tapşırıq almadıqlarını, yalnız dövlət əhəmiyyətli tədbirlər olduqda bu barədə bütün sürücülərə şirkət tərəfindən məlumat verildiyini bildirmişdir. Bundan başqa həmin MMC-nin rəhbəri tərəfindən işdən xaric edilməsinin qanunsuz olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə X4 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx"nin Bakı şəhər İdarəsinin rəhbəri və direktoru barəsində şikayət ərizəsi daxil olmuşdur. "xxxx" MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixində Xidməti müqavilə bağlayaraq sürücü xidməti göstərmiş, daha sonra isə xidməti müqaviləni tələbləri ona uyğun olmamaması səbəbilə Xidməti Müqaviləyə xitam verilməsini tələb etmişdir. “Sürücü Xidmətərinin Göstərilməsi haqqında” xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC (Sifarişçi) və X4 (İçraçı) arasında xidmətlərin göstərilməsi ilə bağlı mülki hüquqi müqavilə bağlanılmış, münasibətlər "xxxx" MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı Sifariçiyə müəyyən hasilatın verilməsi nəzərdə tutulmuşdur. “Taksi minik avtomobilinin sürücüsünün xidməti fəaliyyətinin həyata keçirilməsi ilə bağlı” xx.xx.2020-ci il tarixli Əmrlə təsdiq edilmiş Təlimata əsasən sürücü tərəfindən “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Taksi minik avtomobilərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ aktlara dair xüsusi hazırlığın keçirilməsi” Qaydalarına və digər bu sahədə qanunvericiliyin tələblərinə riayət etmələri nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş MMC-nin nümayəndəsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsini və şahidi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman məhkəmə tərəflər arasında yaranan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verərək münasibəltərin əmək deyil, mülki-hüquqi məzmunlu olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Mülki Məcəllənin 5.1-ci maddəsinəəsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından göstərilmişdir ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Məhkəmə tərəflər arasındakı münasibətlərin daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki hüquqi məzmunlu olmasını onunla əsaslandırır ki, işin mübahisəsiz tərəfi - X4 ilə "xxxx" MMC arasında xidmətlərin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, 330 nömrəli müqavilə bağlanmış və "xxxx" MMC təhvil-təslim aktı ilə Güloğlan Məlikova “Tx London taki minik” markalı avtomobil və xidmətin göstərilməsi üçün bütün əmlak və avadanlıqlarla təmin etmiş və bunun müqabilində Güloğlan Məlikov gündəlik əldə etdiyi hasilatdan Müəssisəyə ödəniş həyata keçirmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədən, məhkəmədə tədqiq edilmiş sənədlərdən, eləcə də məhkəmə iclasında verilmiş ifadələrdən də aydın olur ki: - X3 müqavilə əsasında yerinə yetirilmiş xidmət qarşılığından aylıq sabit əmək haqqı müəyyən edilməmişdir; - X2 özü vergi ödəyicisidir, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışdır. X1 MMC tərəfindən fəaliyyəti ilə bağlı hər hansı tapşırıqlar verilməmişdir. Yəni MMC ilə aralarında hər hansı hakimiyyət-tabeçilik xüsusiyyəti olmamışdır. - X3 münasibətdə iş rejimi və ya müəssisədaxili intizam qaydaları müəyyən olunmamışdır. - X3 münasibətdə məzuniyyətlərin verilməsi, ezamiyyətə göndərilməsi, sosial təminat və sair müəyyən edilməmişdir; - X2 əmək funksiyası yalnız tərəflər arasında bağlanmış müqaviləyə əsasən nəticə ilə yekunlaşan konkret işi və xidməti yerinə yetirib müqavilədə göstərilən hasilatı MMC-yə təqdim etmək olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, göstərilən qanunvericiliyin normaları, işin faktiki halları belə qənaətə gəlməyə imkan verir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə heasb edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM 53.1.2-ci maddəsinə əsasən, yəni xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-34/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-34/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver