Məhkəmə qərarları › İş №3(005)-3405/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3405/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3405/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Bakı şəhəri 2023-cü ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı oktyabr ayı üzrə 5-ci iş günü saat 13:00-dək təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında” hesabatın təqdim edilməsi ilə bağlı çıxarışdan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında hesabatı təqdim edilməmişdir. “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2023-cü ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı oktyabr ayı üzrə 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda, bu günə kimi təqdim edilməmişdir. Bununla da Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi hüquqi şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində İXM-nin 389-cu maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 120, 123, 128-51, 1112, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar