Məhkəmə qərarları › İş №3(005)-3409/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3409/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3409/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Ashraf Zeeshan tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ashraf Zeeshan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin kiçik müfəttişi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyim qənaətinə gələrək barəsində MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli, “inzibati xəta haqqında” protokolu tərtib edib və həmin protokol əsasında da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin rəisi X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi əsas götürülməklə “inzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərar qəbul etmişdir. İstər protokol, istərsə də həmin protokola əsaslanan qərar üzrə göstərilənlər tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-nin müfəttişinin onun haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna dair bildirdikləri tamamilə həqiqətə uyğun deyil. Yuxarıda qeyd etdiyi kimi, o, Pakistan İslam Respublikasının vətəndaşıdır və onu hər hansı işə götürmürlər. O, yaxınlarının maddi dəstəyi hesabına yaşayır. Tərtib edilmiş protokolun məzmunu ona məlum deyil. İmza etdiyi hal ona belə izah olunub ki, o, başqa ölkənin vətəndaşı olduğu üçün bizim kimi başqa ölkə vətəndaşlarının hər birinin Azərbaycanda olduqları müddətdə müvafiq qeydiyyatı aparılır və bu da belə tədbirlə əlaqəli tərtib olunan sənəddir və buna görə imza etməlidir. Məhkəmədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının əsaslı olduğunu bildirmiş və məhkəməyə müvafiq sənədləri təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ashraf Zeeshan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə əsasən Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Məhkəməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilmiş və sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, Ashraf Zeeshan xx.xx.2023-cü il tarixdə iş icazəsi tələb olunduğu halda bu icazə olmadan Bakı şəhərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Ashraf Zeeshan öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərlə, həmçinin Ashraf Zeeshan tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində yazmış olduğu etirafedici izahatdan müəyyən edilir ki, Ashraf Zeeshan xx.xx.2023-cü il tarixdə iş icazəsi tələb olunduğu halda bu icazə olmadan Bakı şəhərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun iş icazəsi olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Ashraf Zeeshan tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ashraf Zeeshannun şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ashraf Zeeshanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar