Məhkəmə qərarları › İş №3(005)-3409/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3409/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3409/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 25 avqust 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə "xxxx" MMC tərəfindən 265837.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 08 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 140002.40 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 09 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanmda törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 bildirmişdir ki, 10 aprel 2023cü il tarixli, PE2304C36AG-A-2 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən ümumilikdə 4,186,930.00 ABŞ dolları X6-ə köçürülmüşdür. Bunun müqabilində X5 Şəxs MMC-nə 183 ədəd Hyundai markalı avtomobili satmışdır. Həmin avtomobillərin hamısı Azərbaycan Respublikası ərazisinə idxal edilmişdir. 183 ədəd avtomobildən 172 ədədi “40” tipli bəyannamə ilə idxal edilmiş, yerdə qalan 11 ədəd avtomobil “74” tipli bəyannamə ilə idxal edilərək sonradan “11” tipli bəyannamə ilə ixrac edilmişdir. Həmin 11 avtomobildən 04 ədədi hazırki inzibati xəta haqqında protokolun əsasını təşkil edən köçürmənin bağlanması üçün müvafiq banka təqdim edilmiş, bank isə həmin bəyannamələrin “idxal” bəyannaməsi olmaması iddiası ilə köçürməni həmin bəyannamələr ilə bağlamamışdır. Digər 7 avtomobilə dair inzibati xəta haqqında protokola dair 3(005)-3451/2025 saylı məhkəmə işi üzrə icraat aparılır. Hətta, Azərbaycan Respublikası Mərkəzi Bankının mövqeyi ilə razılaşsa, “74” tipli bəyannamə “idxal” hesab edilmir, PE2304C36AG-A-2 nömrəli müqavilə üzrə köçürülmüş məbləğ (4 ədəd avtomobilə dair) ixrac əməliyyatının nəticəsi olaraq ölkəyə geri qaytarılmışdır. Bunu rahatlıqla həmin avtomobillərin ŞASSİ (BAN) nömrəsi ilə müəyyən etmək olar.“74'’ tipli bəyannamədə (qoşma vərəqində) avtomobilin hansı müqavilə üzrə idxal edildiyi qeyd olunmuşdur (PE2304C36AG-A-2 nömrəli müqavilə). Həmin avtomobillərə dair digər ölkəyə satış zamanı hazırlanmış müqavilə, hesab-faktura (invoys), köçürmə sənədləri və SWİFT-lərdə avtomobillərin ŞASSİ (BAN) nömrəsini eyniləşdirmək mümkündür. Qeyd edilənləri nəzərə alınmasını və iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Əvvəllki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 25 avqust 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş bəyənnamələrdən görünür ki, 10 aprel 2023-cü il tarixli, PE2304C36AG-A-2 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən ümumilikdə 4,186,930.00 ABŞ dolları X6-ə köçürülmüşdür. “X6 Şəxs MMC-nə 183 ədəd Hyundai markalı avtomobili satmışdır. Həmin avtomobillərin hamısı Azərbaycan Respublikası ərazisinə idxal edilmişdir. 183 ədəd avtomobildən 172 ədədi “40” tipli bəyannamə ilə idxal edilmiş, yerdə qalan 11 ədəd avtomobil “74” tipli bəyannamə ilə idxal edilərək sonradan “11” tipli bəyannamə ilə ixrac edilmişdir. 11 avtomobildən 04 ədədi hazırki inzibati xəta haqqında protokolun əsasını təşkil edən köçürmənin bağlanması üçün müvafiq banka təqdim edilmiş, bank isə həmin bəyannamələrin “idxal” bəyannaməsi olmaması iddiası ilə köçürməni həmin bəyannamələr ilə bağlamamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, Auto Azərbaycan” MMC tərəfindən inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, 10 aprel 2023-cü il tarixli, PE2304C36AG-A-2 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən ümumilikdə 4,186,930.00 ABŞ dolları X6-ə köçürülmüş bunun müqabilində X6 Şəxs MMC-nə 183 ədəd Hyundai markalı avtomobili satmışdır. Həmin avtomobillərin hamısı Azərbaycan Respublikası ərazisinə idxal edilmişdir. 183 ədəd avtomobildən 172 ədədi “40” tipli bəyannamə ilə idxal edilmiş, yerdə qalan 11 ədəd avtomobil “74” tipli bəyannamə ilə idxal edilərək sonradan “11” tipli bəyannamə ilə ixrac edilmişdir. Azərbaycan Respublikası İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar