Məhkəmə qərarları › İş №3(005)-3413/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3413/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3413/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6, Şikayət verən X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə bağlı X4 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, AR ƏƏSMNY X9 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra “Orqan”) xx.xx.2024-cü il tarixində tərtib etdiyi MN ******* nömrəli inzibati ota haqqında protokola və digər materiallara baxaraq SOCAR-ın Geofizika və şeologiya İdarəsinin rəisin birinci müavini, İdarə rəisinin səlahiyyətlərini icra edən kimi onu vətəndaş X2 Əmək məzuniyyət pulunun vaxtında ödənilmədiyini müəyyən edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini müəyyən etmiş və bununla bağlı inzibati tənbeh vermə haqqında (700 manat cərimə) MN1613906 nömrəli 24 sentyabr 2024-cü il tarixli Qərar qəbul etmişdir. (Qərar xx.xx.2024-cü il tarixində onun tərəfindən alınmışdır). Orqanın həmin protokol və Qərarını əsassız və qanunsuz hesab edir. Geofizika və geologiya İdarəsinin 10 iyun 2024cü il tarixli 14-2-4/3-1M- -12/2024 nömrəli əmrinə əsasən X5 xx.xx.2024-cü il tarixindən əsas əmək məzuniyyətinə çıxmışdır. X5 2024-cü ilin iyul ayından məzuniyyətə çıxdığı üçün istinad olunan normaya əsasən, məzuniyyətin verildiyi aydan qabaq, yəni 2024-cü ilin iyun ayından başlayaraq əvvəlki 12 təqvim ayının orta əmək haqqı müəyyən olunmalıdır. SАР ERP sistemində hər hansı bir ayın hesablanması bitdikdən sonra məzuniyyət haqqının hesablanması mümkün olur. SOCAR-ın daxili tənzimləməsinə əsasən, işçilərin əmək haqlarının hesablanması üzrə əməliyyatların yekunlaşma müddəti hər növbəti ayın 5-i tarixinə kimidir. 2024-cü ilin iyun ayının əmək haqqı hesablanması xx.xx.2024-cü il tarixində yekunlaşmışdır. Tərəflərindən xx.xx.2024-cü il tarixində məzuniyyət haqqı hesablanaraq sistemdə ödəniş üçün digər modula ötürülmüşdür. Maliyyə və vergilər şöbəsi tərəfindən ödəniş xx.xx.2024-cü il tarixində icra edilmişdir. Beləliklə, X3 məzuniyyət haqqı ilə bağlı ödəmə xx.xx.2024-cü il tarixində ödənilmişdir. Göründüyü kimi, X2 əmək hüquqları pozulmamış, məzuniyyət haqqının ödənişi zamanı tənasübsüz dərəcədə gecikmələrə yol verilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş 3 günlük öncədən ödəniş müddətinə tam riayət edilməməsi qanunvericiliyin və daxili tənzimləmənin tələbindən irəli gələrək İdarədən asılı olmayan səbəblərdən baş vermiş, bütün hallarda məzuniyyətə çıxmazdan bir gün əvvəldən məzuniyyət haqqı ilə bağlı ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən X2 məzuniyyət hüququ pozulmamışdır. Göstərilənlərə əsasən tam əminliklə bildirir ki, GGİ-i Rəisin birinci müavini, İdarə rəisinin səlahiyyətlərini icra edən vəzifəli şəxs kimi onun tərəfindən X3 münasibətdə hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik), yəni inzibati xəta törədilməmişdir. Qeyd edilənlərə əsasən AR ƏƏSMN X9 Xidmətinin Bakı şəhəri İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixində tərtib etdiyi MN ******* nömrəli protokolunun və inzibati tənbeh vermə haqqında N1613906 nömrəli 24 sentyabr 2024-cü il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət verən X4 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 şikayətin əsassız olmasını bildirərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin tələbinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Tərəf özü də etiraf etdiyi kimi məzuniyyət pulu bir gün qalmış ödənilmişdir. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X7 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Əksinə qeyd olunan pozuntuların mövcud olduğunu təsdiq etmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 700 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. M.H.Haqverdiyevə əmək məzuniyyətinin verilməsi haqqında 10 iyun 2024-cü il tarixli Əmrdən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək məzuniyyətinin verilıməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli, 769 nömrəli ödəniş tapşırığından Çıxarışdan görünür ki, X2 əmək haqqı ödənişi üçün nəzərdə tutulmuş kart hesabına xx.xx.2024-cü il tarixində 944,91 (doqquz yüz qırx dörd manat, 91 qəpik) manat məzuniyyət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5-ci maddəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 192.4. İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanın törədilməsi qanunvericiliyin və daxili tənzimləmənin tələbindən irəli gələrək İdarədən asılı olmayan səbəblərdən baş vermiş olmasını, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və ya şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”ının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar