Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3430/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Füzuli rayonunun Arış kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonunun Arış kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci PŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X6 21 oktyabr 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının 17-ci PŞ-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin polis sahə inspektoru X7 tərəfindən MN seriyalı ******* nömrəli, 08 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.10.2021-ci il tarixdə X5 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X7 izahatında göstərdi ki, 15.10.2021-ci il tarixdə X8 ərizə ilə müraciət edərək atasının qonşusu olan Mənsurə adlı qadına 2018-ci ildə “KapitalBank”dan öz adına kredit götürərək 2100 manat borca pul verdiyini, lakin Arifə pulu qaytaracağına söz versə də, pulu ona geri qaytarmadığını, 15.10.2021-ci il tarixdə Mənsurəni Nərimanov rayonu X.R.Ulutürk küçəsində yerləşən evinin qarşısında görüb Mənsurə ilə pulu qaytarması ilə əlaqədar danışıq apardığı zaman Mənsurə ona həmin pulu qaytarmayacağını dediyindən aralarında yaranmış mübahisə zəminində onu vurduğunu, xəsarət aldığını bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 08 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Arifənin əri kredit götürüb ona borc vermiş, o isə həmin pulu özü banka ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Əslində o, bütün borcunu ödəyib qurtarmışdır. Lakin, bəzi ayların pulunu o, banka deyil, birbaşa Arifənin ərinə ödəmişdir. Bunu Arifənin əri ondan xahiş etmişdir. Bu səbəbdən hesab edir ki, onun Arifəgilə heç bir borcu yoxdur. Hadisə günü isə, yəni 15 oktyabr 2021-ci il tarixdə yaşadığı evin qarşısında həmin pula görə Arifə onunla mübahisə etmiş və onun ünvanına nalayiq sözlər işlətmişdir. Bu səbəbdən o, Arifənin qolundan tutub dartmış və onu kənara çəkmişdir. Lakin, o, Arifəni döyməmişdir. Buna görə də özünü təqsirli bilmir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, 23.11.2018-ci il tarixdə atasının qonşusu Mənsurənin ehtiyacı olduğu və ondan xahiş etdiyi üçün bankdan öz adına kredit götürərək Mənsurəyə 2100 manat borc pul vermişdir. Mənsurə həmin pulu hər ay 157 manat ödəyəcəyinə söz vermişdir. Lakin, indiyə qədər Mənsurə ona ümumi olaraq 1000 manat pul qaytarmış, 1100 manat isə qaytarmamışdır. 15.10.2021-ci il tarixdə isə o, Mənsurənin evinin qarşısından keçərkən onu görüb yaxınlaşmış və borcunu istəmişdir. Mənsurə isə ona cavabında borcu olmadığını, pulu verməyəcəyini demişdir. Bu səbəbdən onunla Mənsurə arasında mübahisə yaranmışdır. Mübahisə zəminində o, Mənsurəyə borcu ola-ola olmadığını yalandan deyən, pulu qaytarmayan şəxs barəsində həmin şəxsin atasına lənət sözlərini demişdir. Mənsurə bu sözdən sonra onun qolundan tutaraq öz mənzilinin içərisinə tərəf dartmağa başlamışdır. Mənsurənin göstərdiyi fiziki güc nəticəsində isə onun sol əlinin işarət barmağı divara çırpılmış və o, xəsarət almışdır. Mənsurənin oğlu isə onu söyüb təhqir etmişdir. Hazırda Mənsurə ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15.10.2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X8 ərizə ilə müraciət edərək bildirmişdir ki, atasının qonşusu olan Mənsurə adlı qadına 2018-ci ildə Kapital bankdan öz adına kredit götürərək 2100 manat borca pul vermişdir. Lakin, Arifə pulu qaytaracağına söz verəsə də, pulu ona geri qaytarmamışdır. 15.10.2021-ci il tarixdə Mənsurəni Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən evinin qarşısında görüb Mənsurəyə pulu qaytarması ilə əlaqədar danışıq apardığı zaman Mənsurə ona həmin pulu qaytarmayacağını demişdir. Aralarında yaranmış mübahisə zəminində isə Mənsurə onu döymək məqsədi ilə başına oyun açacağını deyib hədələyərək qolundan tutub onu evin içərisinə tərəf zorla çəkmişdir. Bu zaman vət.X1 əlindən xəsarət almışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X9 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 18.10.2021-ci il tarixli, 780 nömrəli rəyindən görnür ki, X4 aşkar edilmiş xəsarətlər - sol saidin orta üçdə birinin, sol mil bilək oynağının, sol əlin arxa səthinin qançırları, sol əlin İİ barmağın əsas falanqasının sıyrığı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 15.10.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət.X4 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil; Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X6 21 oktyabr 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Mənsurə adlı qadının barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası 17-ci PŞ-yə həvalə edilmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Belə ki, məhkəmə-tibb ekspertizasının 18.10.2021-ci il tarixli, 780 nömrəli rəyindən göründüyü kimi X4 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Həmçinin, Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməsə də, 15.10.2021-ci il tarixdə baş vermiş mübahisə zamanı X5 əlindən tutub dartmasını inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, Şəxs qadın olmasını, himayəsində yetkinlik yaşına çatmayan 10 yaşlı uşağının olmasını (əsas: iş materiallarında olan AZE seriyalı, 12650632 nömrəli şəxsiyyət vəsiqəsinin surəti) İXM-in 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3430/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3430/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver