Məhkəmə qərarları › İş №3(005)-3437/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3437/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3437/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X11nin MN ******* saylı 03 may 2023-cü il tarixli, 03 oktyabr 2023-cu il tarixində inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərarda qeyd edilir ki, tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işçiləri çalışdırmışdır. Lakin qeyd edir ki, tərəfindən işin tanışlığı ilə bağlı yeni müraciət edən işçilərlə yerində tanışlıq zamanı sözü gedən qərarı qəbul etmiş şəxslər işə gələrək Azərbaycan Respublikasının X11nin MN ******* saylı 03 may 2023-cü il tarixli, 03 oktyabr 2023-cu il tarixində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Azərbaycan Respublikasının X11nin MN ******* saylı 03 may 2023-cü il tarixli, 03 oktyabr 2023-cu il tarixində prosessual pozuntu ilə təqdim edilmiş ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəzərə alaraq 4000 (dörd min) manat məbləğində cərimə tətbiq edilmişdir. Tətbiq edilmiş qərarla tanış olmuşdur və qəbul etməyərək məhkəmədən qərarın ləğv edilməsi üçün əsaslarını təqdim edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsi). O, qərarın surətini 03 may 2023-cü il tarixində əldə etmişdir. Şikayət vermiş şəxs X9 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar bir xanımla əməkdaşlıq etmişlər. Həmin xanımla aralarında narazılıq olduqdan sonra həmin xanım onlardan müxtəlif orqanlara şikayət etməyə başlamışdır. Daha sonra isə şikayətini geri götürmüşdür. Həmin şikayət əsasında da belə bir qərar qəbul edilmişdir. Onlar bu qərardan icra şöbəsində məlumatlı olmuşlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Rəhimzadə müxtəlif orqanlara müraciət edərək “Secret” oteldə əmək müqaviləsi olmadan 2022-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayınadək işə cəlb edildiyini qeyd etmişdir. Onlar vətəndaşı idarəyə dəvət edərək izahatını almış və faktla bağlı araşdırma aparmışlar. Həmçinin oteldə işləyən əlavə şəxs də dindirilmiş və həmin şəxs də Rəhimzadənin həmin oteldə fəaliyyət göstərdiyini qeyd etmişdir. Yekunda məhkəməyə müvafiq sənədləri təqdim edərək verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X9 öz şikayət ərizəsində X6 inzibati xəta törətmədiyini irəli sürmüşdür. Lakin məhkəmə iclasında X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işləri yerinə yetirməyə cəlb etmədiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materialların olan sənədlərin qarşılıqlı tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X9 əmək qanunvericiliyini pozmuşdur və inzibati xətaya görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 tərəfindən təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində X4 rəsmi əmək müqaviləsi olmadan şirkətin funksiyalarının icrası ilə əlaqədar işə cəlb edildiyi aşkar edilmişdir. Bu hal “Secret Hotel”də menecer vəzifəsində işləyən X2 izahatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, X1 Fərəh Fərman qızının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Secret Hotel”də menecer vəzifəsində işlədiyini qeyd etmişdir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 03 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar