Məhkəmə qərarları › İş №3(005)-3437/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3437/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3437/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8150/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Şəxs icra sənədini icra etməkdən yayınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8150/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 22 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra edilməsi üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2024-cü il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədi üzrə tələbkar X5 31,07.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Şəxs xx.xx.2024-cü il tarixə 7600 manat məbləğində aliment borcu olduğunu və aliment borcunun tam şəkildə ödənilməsi üçün borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmiş, eyni zamanda borcluya məxsus bank hesabları ilə bağlı inkasso sərəncamları qəbul edilərək icra olunması üçün müvafiq banklara göndərilmiş, lakin borcluya aid bank hesablarında vəsait olmadığı üçün inkasso sərəncamlarının icrası mümkün olmamışdır. İcra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixdə izahat alınmış, borclu izahatında yığılmış 8000 manat aliment borcunu qəbul etmədiyini, aliment təyin olunduqdan sonra tələbkarla barışdığını, birgə yaşadığını, 9 ay əvvələ qədər birgə yaşadığı müddətdə uşağına baxdığını, onun tələbatlarını ödədiyini, bu səbəbdən həmin dövrün alimentinin tələb olunmasını düzgün hesab etmədiyini, son 9 ay üzrə yığılmış aliment borcunu qəbul etdiyini, bundan sonra icra sənədində nəzərdə tutulan alimenti mütəmadi olaraq ödəyəcəyini qeyd etmişdir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixə yığılmış 8000 manat məbləğində aliment borcunun tam ödənilməsi borclu Şəxs tələb olunmuş, lakin borclu aliment borcunu ödəməkdən imtina etmişdir. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, barəsində olan icra sənədindən və bildirişdən yalnız icra şöbəsində olarkən xx.xx.2024-cü il tarixdə izahat verərkən məlumat verilib. O, həmin icra sənədini icra etməkdən yayınmamışdır. Həmçinin 2024-cü ilin fevral ayına qədər onlar birgə yaşamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 çıxış edərək bildirmişdir ki, uşağı müalicə etmək üçün pul lazımdır. 2024-cü ilin fevral ayına qədər birlikdə yaşamışlar. Övladını müalicə etmək üçün qarşı tərəf kömək etməyib. Birlikdə yaşadıqları üçün 2019-cu ildən bu ilin fevral ayına qədər aliment istəməmişdir. İndi isə bütün dövr üçün alimentin ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8150/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 22 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün 03 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8150/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2024-cü il tarixdə bildiriş Şəxs tərəfindən rəsmi qaydada alınmışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş məhkəmə qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8150/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Borclu üçün həmin icra sənədinin icrasına dair könüllü icra müddəti müəyyən edilmişdir. Həmin müddətin başlanğıcı borclunun bu barədə rəsmi məlumatlandırıldığı gündən hesablanır. Adından da göründüyü kimi, könüllü icra müddəti ərzində borclu icra sənədlərini icra etməkdə könüllüdür. Ona görə də həmin könüllü icra müddətinin sonuna qədər gözlənilib, borclunun bu müddət ərzində icra sənədlərini könüllü icra etmək hüququ təmin edilməlidir. İcra məmuru tərəfindən təqdim edilmiş protokol və əlavə edilmiş sənədlərdən, icra işinin materiallarından könüllü icra müddəti barədə göndərilmiş bildiriş borcluya xx.xx.2024cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi həmin tarixdən sonra borcluya verilmiş könüllü icra müddətinin bitməsindən 2 gün keçdikdən sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, məhkəmə iclasında verilmiş ifadələrdən də bəlli olur ki, tərəflərin rəsmi qaydada 2019-cu ildən nikah münasibətlərinə xitam verilsə də onlar birgə yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Bu səbəbdən də Şəxs tərəfindən qarşı tərəfə hər hansı ödənişlər edilməmişdir. Aralarında olan münasibətlər isə 2024-cü ilin fevral ayından pisləşdiyindən birgə təsərrüfat aparmamışlar. Göründüyü kimi tərəflər arasında ailə münasibətləri faktiki olaraq 2024-cü ilin fevral ayından bitmişdir. Belə olduğu təqdirdə şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinə bilməz, həmçinin məlumatı olmayan sənədin icrasında şəxs təqsirli sayıla bilməz, bu cür vəziyyətdə şəxsin əməlindən inzibati xəta tərkibi mövcud olmur. Belə ki, borclu tərəfindən məhkəmə qətnaməsi icra edilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hərəkətlər göründüyü kimi Şəxs icra sənədindən məlumatsız olması və eyni zamanda tərəflər arasında ailə münasibətlərinin faktiki olaraq davam etməsi ilə əlaqədar olmuş, icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Bununla da Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması, habelə icra sənədini icra etməkdən qərəzli olaraq yayınma hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar