Məhkəmə qərarları › İş №3(005)-3444/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3444/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3444/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 15 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus zavodun ərazisində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı müəyyən edilmişdir. Nəticədə Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyəti və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərə nəzər yetirərək, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən İXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-ci il tarixli, 340 saylı yoxlama aktından görünür ki, 14 sentyabr 2024-cü il tarixdə İdarəyə yanğınla bağlı daxil olmuş məlumata əsasən Nərimanov rayonu ərazisində baxış keçirilmişdir. Baxış zamanı Nərimanov rayonunda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus zavodun ərazisində axşam saatlarında kabel və metal qəbulu kimi fəaliyyət göstərən sexdə tullantıların (kabel, rezin mənşəli) yandırılması ilə bağlı əsaslı şübhələ yaranmışdır. Araşdırma zamanı ərazi qapalı olduğundan sözügedən zavodun ərazisinə baxış keçirmək mümkün olmamışdır. Bununla bağlı 15 sentyabr 2024-cü il tarixdə zavod ərazisinə təkrar baxış keçirilmiş və baxış zamanı ərazidə dəmir konteynerin içində müxtəlif növ tullantıların yandırılması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X2 ünvanlanmış 24 sentybr 2024-cü il tarixli, № 6-BM/2624-769 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində Nərimanov rayonu ərazisində yanğınla bağlı İdarəyə daxil olmuş məlumat İdarə əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı Nərimanov rayonu ərazisində yerləşən “Bakı Pambıq Əyirmə" Açıq Səhmdar Cəmiyyətinə məxsus zavodun ərazisində axşam saatlarında kapel və metal qəbulu kimi fəaliyyət göstərən sexdə tullantıların (kabel, rezin, kauçuk mənşəli) yandırılması faktı ilə bağlı əsaslı şübhələr yaranmışdır. Araşdırma müddətində ərazi qapalı olduğundan sözügedən zavodun ərazisinə baxış keçirmək mümkün olmamışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixində zavod ərazisinə təkrar baxış keçirilmiş və baxış keçirilən zaman ərazidə dəmir konteynerin içində müxtəlif növ tullantıların yandırılması faktı aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, aparılan araşdırma ilə əlaqədar 07 oktyabr 2024-cü il tarixində saat 10:00-da ünvan 2 ünvanında yerləşən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə "xxxx" ASC-nin rəhbəri X1 və ya səlahiyyətli nümayəndənin (etibarnamə iiə) gəlməsi xahiş olunur. Göstərilən müddət ərzində idarəyə gəlməyəkləri təqdirdə, "xxxx" ASC barəsində qanunamüvaflq tədbirlər görüləcəkdir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, 15 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus zavodun ərazisində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 39.3-cü maddəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin istismarı və meliorasiya işlərində ətraf mühitin çirklənməsini qarşısını alan təmizləyici qurğular və sanitariya-mühafizə zonaları, ekoloji əsaslandırılmış texnologiyalar və müəyyən edilmiş ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Onlar tullantıların və maddələrin qalıqlarının tullantılarının təmizlənməsi, zərərsizləşdiriləsi və istifadə edilməsi üçün səmərəli vasitələrlə təchiz edilməli, təhlükəsiz yanacaq növlərini tətbiq etməli, təbii resursları qənaətlə və səmərəli istifadə etməli və ekoloji təhlükəsizlik üzrə tədbirlər görülməlidirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən tullantıların toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 14-xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı ünvan 1 ünvanında fəaliyyət göstərən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus zavodun ərazisində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı müəyyən edilmişdir. Sanitariya qaydaları, gigiyena və ekoloji normativlərə təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları pozulmuşdur. Bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyəti qanunvericiliyin tələbləri pozmuşdur. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6.500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar