Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3449/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-02899/24 nömrəli, 23 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC ünvanına Rusiya Federasiyasından 99CN713/10ZG210 nömrəli nəqliyyat vasitələri ilə idxal edilmiş **********2752 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs ASC-nin ünvanına Rusiya Federasiyasından idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, qısa idxal bəyannaməsi 05 sentyabr 2024-cü il tarixdə yazılsa da, sistemdə olan texniki nasazlıqlara görə imzalamaq mümkün olmamışdır. 06 sentyabr 2024-cü il tarixdə məlum olmuşdur ki, qısa idxal bəyannaməsi imzalanmamış avtomobil sərhədi keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:09-da idxalatçı: "xxxx" ACİQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən ixracatçı: OOO PO "NVTZ" R.F.-dən dövlət nömrə nişanı: 10ZG210 olan nəqliyyat vasitəsilə idxal edilmiş malın adı borular (Barkodu: **********01408) dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, gömrük bəyannaməsini təqdim edən şəxs X5 tərəfindən sorğu yazılmışdır xx.xx.2024-cü il tarixdə, saat 12:36:26-da, rəsmiləşdirilmək üçün göndərilmişdir xx.xx.2024-cü il tarixdə, saat 15:10:17-də. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov tərəfindən Dövlət Gömrük Komitəsi Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanova ünvanlanmış sorğudan görünür ki, xx.xx.2024-cü il tarixdə sistemdə texniki dayanmaların baş verib verməməsi, belə halların olduğu təqdirdə dayanmaların hansı vaxtlarda mövcud olması barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanov tərəfindən Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanova ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, məktubunuza əsasən gömrük orqanlarının elektron sistemlərinə müvafiq baxış keçirilmişdir. 05 sentyabr 2024-cü il tarixdə saat 17:00-dan 19:00-dək gömrük xidmətinin X1 Sistemində texniki səbəbdən dayanmalar müşahidə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs ASC-nin ünvanına **********2752 sorğu nömrəli gömrük bəyannaməsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ASC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3449/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3449/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver