Məhkəmə qərarları › İş №3(005)-3462/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3462/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3462/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X5 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Quba rayonu, Barlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.2, 327.4 və 511.1.2-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 327.2, 327.4 və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsində tərtib olunmuş iş materialları 10.12.2021-ci il tarixdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 10.12.2021-ci il tarixli İXP ******* nömrəli protokolda göstərilmişdir ki, «VAZ 21214» minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs 08.12.2021-ci il tarixdə, saat 23:27-də Bakı şəhəri Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində mexaniki nəqliyyat vasitəsini bir təkərinin yolun səthindən qaldırmaqla idarə etmiş, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirmiş, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2, 327.4 və 511.1.2-ci maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X5 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru polis mayoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş videomateriallardan da görünür ki, sürücü Şəxs Bakı şəhəri Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində mexaniki nəqliyyat vasitəsini bir təkərinin yolun səthindən qaldırmaqla idarə etmiş, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirmiş, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Həmin vətəndaşın inzibati araşdırma zamanı vermiş olduğu izahatında da qeyd olunan inzibati pozuntulara yol verdiyini səmimi olaraq etiraf etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda da qeyd etmişdir ki, bir daha belə yol hərəkəti qaydalarının tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etməyəcəkdir. Odur ki, Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, maşında xəstəsi var idi. Aptekdə saxlamışdır. Polis əməkdaşları gəlmişdir. Axırıncı dayanacaq yeri aptek olub. Xəstəsi olduğundan məcburiyyətdən yol hərəkəti qaydalarını pozmuşdur. Təqribən 5-6 dəfə işıqforun qırmızı işığında hərəkətini davam etdirmişdir. Yol hərəkəti qaydalarını yalnız məcburiyyətdən pozmuşdur. Aptekdən çıxdıqdan sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Göstərilənləri nəzərə alaraq avtoxuliqanlıq etmək niyyətinin olmadığını bildirib barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş hadisənin görüntülərini əks etdirən CD disk baxış keçirilərkən «VAZ 21214» minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü ilkin olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçmiş, daha sonra işıqforun qadağan edici qırmızı işığının yanmasına baxmayaraq hərəkətini davam etdirmiş, daha sonra nəqliyyat vasitəsini bir təkərinin yolun səthindən qaldırmaqla idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227- 1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459- 1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.2 və 327.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş video görüntüdən eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinməli, sonuncunun qeyd olunan maddənin sanksiyası hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmalı və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 10 dekabr 2021-ci il tarixdən, saat 18:20-dən hesablanmalı, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 327.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10 dekabr 2021-ci il tarixdən, saat 18:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə təhvil verilməsi Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 327.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar