Məhkəmə qərarları › İş №3(005)-3462/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3462/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3462/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan EP ******* nömrəli, 27 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı 232500.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il gündən artıq müddət keçməsinə baxmayaraq, 232500.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı nümayəndəsi Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, "X2" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasında Qarabağ yatağın daxil olduğu blok üzrə əməliyyat şirkəti qismində fəaliyyət göstərir. Qeyd edilən layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağında 1 saylı X1 obyektinin tikintisi zamanı iki pontonun blokdan yönəldilmiş partlayışla ayrılması üzrə layihənin texniki tapşırığın tələblərinə uyğun olaraq icrasını təmin etmək məqsədi ilə Ukrayna qanunvericiliyinə uyğun yaradılmış və fəaliyyət göstərən "xxxx" MMC ilə 21 may 2020-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı - "xxxx" MMC, "X2" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının sifarişi əsasında partlayıcı maddələri hazırlamalı və həmin malları Azərbaycan Respublikası ərazisinə təchiz etməli, partlayıcı maddələri platformada quraşdırmalı və pontonları blokdan partlayışla ayrılmasını təmin edən işləri həyata keçirməlidir. Müqavilənin tələblərinə əsasən partlayıcıların dəyəri 232500,00 avro avans olaraq ödənilməli və bu ödəniş qarşılığında Satıcı partlayıcıları istehsal edərək Ukraynanın səlahiyyətli dövlət orqanları tərəfindən bütün lazımi icazələri almalı, daha sonra həmin partlayıcı maddələr Azərbaycan Respublikası ərazisinə gətirildikdən sonra 139500,00 avro məbləğində ödəniş həyata keçirilməli, nəhayət, 93000,00 avro məbləği isə müqavilədə qeyd edilən işlər həyata keçirildikdən sonra ödənilməli idi. Müqavilənin 4.1-ci maddəsinin tələblərinə əsasən hər bir mərhələ üzrə işlər Sifarişçi tərəfindən müvafiq bildiriş təqdim edildikdən sonra 30 gün ərzində İcraçı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 7.6-cı maddəsinin tələblərinə əsasən: "İcraçı və Sifarişçi səmərəli tədbirlərlə qarşısnıı ala bilməyəcəkləri və ya əvvəlcədən ehtimal edə bilməyəcəkləri qarşısı alınmaz hallar (fors major): yanğın, zəlzələ, hərbi münaqişələr, iqlim şəraiti, embarqo, səlahiyyətli dövlət orqanlarının qadağaları, xüsusi karantin rejiminin və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə müşayiət edilən epidemiyalar və işlərin görülməsinə mane olan digər hallar Müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmədiklərinə və ya tam yerinə yetirmədiklərinə görə məsuliyyətdən azad olunurlar”. "X2" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 21 fevral 2022-ci il tarixdə Müqavilənin 4.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Müqavilənin 3.1.2.-ci maddəsində göstərilmiş işləri, yəni malları CPT Bakı şəhəri (İnkoterms 2010) şərti ilə Sifarişçiyə, təqdim etmək üçün bildiriş təqdim etmişdir (bildirişin surəti əlavə edilir). İcraçı, "xxxx" MMC Sifarişçinin məktubuna cavab olaraq 03 mart 2022-ci il tarixdə məktubla cavab verərək Rusiya Federasiyasının Ukraynaya hərbi müdaxiləsi səbəbi ilə fors-major halının yarandığını bildirmiş və müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini sübut etmək üçün Ukrayna Ticarət-Sənaye Palatasının fors- major halının baş verməsini təsdiq edən məktubu da Sifarişçiyə təqdim etmişdir. Sonda məhkəmədən hüquqi şəxs barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ukrayna Ticarət – Sənaye Palatasının xx.xx.2022-ci il tarixli, 2024/02.0-7.1 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyasının Ukraynaya hərbi müdaxiləsi xx.xx.2022ci il, saat 05:30-dan etibarən Ukrayna Prezidentinin “Ukraynada hərbi vəziyyət elan edilməsi haqqında” 64/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli fərmanına əsasən hərbi qanunvericiliyin tətbiq edilməsinə əsas olmuşdur. Ukrayna Ticarət – Sənaye Palatası təsdiq edir ki, xx.xx.2022-ci il tarixdən sonra və rəsmi qaydada xitam verilmə tarixinə qədər müqavilə və ya hər hansı vergi və ya digər qanun üzrə öhdəliklərini yerinə yetirməli olan hüquqi və ya müqavilə tərəfi olan fiziki şəxslər tərəfindən fors major halının davam etdiyi müddət ərzində öhdəliklərini yerinə yetirə bilməməsi fövqəladə, qaçılmaz və obyektiv hallar səbəbi ilə olduğu üçün fors major halı hesab edilir. "xxxx" MMC tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 46 nömrəli məktubundan görünür ki, Ukrayna Prezidentinin “Ukraynada hərbi vəziyyət elan edilməsi haqqında” 64/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli fərmanına əsasən hərbi qanunvericiliyin tətbiq edilməsinə əsas olmuşdur. Qeyd edilən fərman Ukraynada fors major halı üçün əsas hesab edilir. Ukrayna ərazisindən malların ixrac edilməsi mümkün hesab edilmir. Hazırki vəziyyət qeyri-müəyyən vaxta qədər davam edə bilər və malların ixracı ilə bağlı hər hansı proqnoz vermək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.” Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsi, işlər görülməməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində EP ******* nömrəli, 27 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 232500.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş vəsaitin hesabına alınan mallar ölkəyə Ukrayna Respublikasında tətbiq edilmiş hərbi vəziyyət rejimi ilə əlaqədar idxal olunmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı 232500.00 Avro məbləğində xarici valyutada olan vəsaitin ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və köçürülən 232500.00 Avro məbləğində malların ölkəyə fors major hal ilə əlaqədar olaraq idxal olunmasının mümkünsüzlüyünü, habelə işin hallarını və qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar