Məhkəmə qərarları › İş №3(005)-3469/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3469/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3469/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili X1, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 01 noyabr 2022-ci tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30-da Göyçay rayonu, Çayarxı kəndi ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, Baş İdarəyə gətirilmiş və baxış zamanı Şəxs üzərindən 01 ədəd büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili X3 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 30 oktyabr 2022-ci il tarixdə istirahət məqsədilə Bakı şəhərinə gəlmiş, Nərimanov rayonu ərazisində yerləşən istirahət parkənın yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 2 ədəd sellofan bükümdə narkotik vasitə marixuana və narkotik vasitə tiryək əldə etmiş, həmin bükümlərdən birini istifdə etmiş, digərini isə gələckdə istifadə etmək məqsədilə üzərində saxlayaraq Göyçay rayonuna qayıtmışdır. 31 oktyabr 2022-ci il tarixdə Göyçay rayonu, Çayarxı kəndi ərazisində olarkən saxlanılmış və Baş İdarəyə gətirilmişdir. Baxış zamanı üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellefon bükümdə narkotik vasitə marixuana aşkar edilmişdir. Həmin narkotik vasitəni 30 oktyabr 2022-ci il tarixdə Nərimanov rayonu ərazisində olarkən əldə etmiş və öz istifadəsi üçün üzərində saxlamışdır. Törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X4 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etraf edərək səmimi peşmançılığının nəzərə alınmasını və ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki: “Şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan Şəxs Azərbaycan Respublikası İXM-in 206cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qərarın surətinin inzibati qaydada protokol tərtib edilməklə aidiyyəti üzrə məhkəməyə göndərilməsi üçün BMCMİ-nə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 7/1251 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki sellofan torbacığın içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə qurudumuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 X6 dair xx.xx.2022-ci il tarixli, 6497 saylı rəydən görünür ki, müayinə zamanı Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla tam sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halı, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir və inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 78,0 (yetmiş səkkiz) manat Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 31 oktyabr 2022-ci il saat 13:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 78,0 (yetmiş səkkiz) manatın ödənilməsi dövlət hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar