Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3479/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 6-1-16/3-11/2023 nömrəli cavab məktubu ilə ona məlum olmuşdur ki, 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı qərar əsasında barəsində inzibati tənbeh verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, o, 25000.00 Avro məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Sözügedən inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticə etibarilə qeyd edilən inzibati xətanı törətdiyinə görə barəsində 2500.00 Avro məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən avtomobil (ekskavator) Azərbaycan Respublikası ərazisinə idxal olmamışdır. Belə ki, sözügedən mal Polşa Respublikasından Azərbaycan Respublikası ərazisinə idxal edilərkən avtomobilin ölçü vahidləri qanunla nəzərdə tutumuş ölçü göstəriciləri ilə uyğun gəlmədiyindən Polşa Respublikasında sərhədə yaxın ərazidə yerləşən dayanacaqda saxlanılmışdır. Daha sonra isə həmin avtomobil dayanacaqdan oğurlanmışdır. Bununla bağlı tərəfindən Polşa hüquq mühafizə orqanlarına şikayət olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul olunmuş 01 noyabr 2023-cü il tarixli , EP ******* saylı qərar əsasında barəsində tətbiq edilmiş tənbeh növü qanunsuz və əsassızdır. Belə ki, onun iradəsindən asılı olmayan səbəblərdən həmin avtomobil oğurlanmışdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500.00 Avro məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan və “İxlas” Tərcümə Mərkəzində tərcümə olunmuş X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Təsdiq Bildirişi”ndən görünür ki, 6 aprel 2022-ci il - 24 noyabr 2023-cü il tarixləri arasında Kobylany ul.Sloriec/na 150 Malaszewicze voevodeship Lubelskie, Zabrze ünvanında yerləşən Agrostop Sp.- z o.o. nin ərazisində 2005-ci ildə istehsal olunmuş, SN N: 90110334, “Hyundai Robex 320 LC-7” markalı paletli ekskavatoru mənimsəmək məqsədi ilə Azərbaycan vətəndaşı NURİYEV CEYHUN-a 26.000 avro dəyərində ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə görə Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin (avans ödənişləri daxil olmaqla) icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Qanunsuz qərar isə heç bir hüquqi nəticə doğura bilməz və hər bir halda ləğv olunmalıdır. Məhkəmə, elə buna görə də, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı lazım bilmir. Çünki, müddət institutu əsas etibarilə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının hüquq və qanuni mənafelərinin qorunmasına yönəldiyindən o, hüquq normalarının pozulması ilə qəbul edilmiş və qanunsuz olması müəyyən edilmiş qərarın ləğv edilməsinə mane olan hal kimi şərh edilə bilməz. Bunun əksi, qanunsuz olduğu təsbit edilən qərarın qüvvədə qalmasına səbəb ola və icraatın ədalətliliyinə xələl gətirə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən formalaşdırılan hüquqi mövqe də buna uyğundur. Belə ki, Məhkəmə öz qərarlarında dəfələrlə göstərmişdir ki, prosessual qaydaları tətbiq edərkən məhkəmələr icraatın ədalətliliyini pozacaq həddən artıq formallıqdan çəkinməlidirlər (Valçli Fransaya qarşı, 2007, § 29; Evaggelou Yunanıstana qarşı, 2011, § 23). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd olunur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı X3 tərəfindən 25000.00 Avro məbləğində vəsaitin xx.xx.2021-ci il tarixdə xaricə köçürüldüyü və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal edilmədiyi, valyuta vəsaitinin geri qaytarılmadığı müəyyən olunmuşdur. Lakin bu hal tamamilə üzrlü səbəbdən baş vermişdir. Belə ki, Polşa Respublikasında sərhədə yaxın ərazidə yerləşən dayanacaqda saxlanılan avtomobil (ekskavator) dayanacaqdan oğurlanmışdır. Bununla bağlı X3 tərəfindən Polşa Respublikasının hüquq mühafizə orqanlarına şikayət olunmuşdur. Yəni, qanunvericiliyin tələbi pozulmuş olsa belə bu pozuntu subyektiv xarakter daşımır və şəxsin iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Şəxs isə qanun pozuntusunun baş verməsinə səbəb olan halların aradan qaldırılması üçün zəruri addımlar atmışdır. Bu hal Polşa Respublikasının X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Təsdiq Bildirişi” ilə sübut olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilmədiyindən tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, EP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3479/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3479/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver