Məhkəmə qərarları › İş №3(005)-3486/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3486/2020

18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3486/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC Azərbaycan Respublikasının Mərkəzi Bankının 26-16383-2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli sorğusu ilə tələb edilən sənədləri Banka təqdim etməmişdir. Nəticədə Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan X2 kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, Şəxs ASC xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan, X1 tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış ərizənin surətindən görünür ki, X1 tərəfindən Şəxs ASC-nə məxsus Bakı Elektroniks avadanlıqları zovudunun fəaliyyətinin dayandırılması zamanı ona verilən pay çeklərinin aqibəti bəlli deyil. X1 məsələ ilə əlaqədar ona rəsmi cavab verilməyini və məsələnin araşdırılmağını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış 26-15459-2020 saylı məktubun surətindən görünür ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş X1 tərəfindən müraciət daxil olmuşdur. Bununla əlaqədar olaraq vətəndaşın müraciətinin araşdırılması üçün zəruri olan sənədləri (2018-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər) 7 (yeddi) gün ərzində Banka təqdim etməyiniz xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə barələrində inzibati xəta haqqında protokol tərtib olunacaqdır. Müvafiq sübutları təqdim etmək, sübutlar olmadığı təqdirdə tərtib olunacaq “İnzibati xəta haqqında protokol” ilə tanış olmaq və protokolun surətini almaq üçün səlahiyyətli nümayəndənin Banka gəlməsi tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib etdiyi MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 26-16383- 2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli sorğusu ilə tələb edilən sənədləri Palataya təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 26-16383-2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli sorğu məktubu ilə Şəxs ASC-dən tələb edilən sənədlər həmin ASC tərəfindən Palataya təqdim olunmamışdır. Burdan da görünür ki, Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar